Son yeniləmə: 15 Fevral 2022 16:14
Bayraqdar.info – Şamaxıda “SABAH” VI Karyera Qış Məktəbi təşkil olunub. Bu barədə fevralın 15-də bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib.
Açılış mərasimində iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verib. Qış məktəbinin əhəmiyyətini vurğulayan nazir müavini müasir dövrün peşələrindən, uğurlu karyera qurmağın yollarından, karyera planlaşdırılmasının, əsas həyat hədəflərinin müəyyən edilməsinın vacibliyindən, həyatın mənasını düzgün dərk etməyin əhəmiyyətindən danışıb.
“Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin müstəqil ölkəmizin inkişafında vacib yer tutduğunu qeyd edib.
““SABAH” VI Karyera Qış Məktəbində 68 tələbə iştirak edib. Qış məktəbi çərçivəsində karyera quruculuğunun nəzəri, praktiki və aktual mövzuları üzrə təlimlər keçirilib. Tələbələrə əlavə olaraq “agile learning”, müasir biznesin əsasları və biznesmenin vergi münasibətləri haqqında təlimlər də təşkil olunub.
“IV kursda təhsil alan “SABAH” tələbələrinin işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edən qış məktəbinin təşkilinə “Azercell”, “Kapital Bank”, “GoldenPay” şirkətlərinin təlimçiləri yaxından dəstək göstəriblər”, – deyə xəbərdə bildirilir.
Xəbərdə o da qeyd edilib ki, Karyera Qış Məktəbi ilə yanaşı “SABAH” Mərkəzinin əməkdaşlarının peşəkar inkişafına dəstək məqsədilə “Yeni standartlara uyğun vahid “SABAH” sillabusunun yaradılmasına doğru”, “Süni intellekt texnologiyalarının təhsildə tətbiq perspektivləri”, “Yeni əsrdə müasir universitet dizaynı” və “Səmərəli idarəçilik və korporativ düşüncə” mövzuları ətrafında da təlimlər keçirilib.
Nazirlikdən o da qeyd edilib ki, “SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir.