Press "Enter" to skip to content

Eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün layihə

"Səssiz dünya" İB

Bayraqdar.info – “Səssiz Dünya ” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi yeni bir layihənin icrasına başlayıb.

Birlikdən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Birlik tərəfindən “Eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” adlı layihə işə başlayıb. Layihə barədə təşkilatın sədri Aida Səfərova bayraqdar.info-ya bildirib ki, məqsəd Bakı şəhərində olan eşitmə və nitq məhdudiyyətli uşaqları Zəfər tarixi ilə bağlı məlumatlandırmaq, onlara bu Şanlı tarixi aşılamaqdan ibarətdir.

Aida Səfərova layihənin ideyası barədə ətraflı məlumat verib: “2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu geniş miqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu şanlı tarix barəsində nəinki indiki nəsil bundan sonrakı nəsil də danışacaq. Dillərdə əzbər olacaq Zəfərimizin təbliği ilə bağlı davamlı işlər görülür. Kitablar yazılır, mədəni tədbirlər təşkil edilir.

“Təşkilat olaraq eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün Şanlı Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin keçirilməsinə qərar verdik. Bunun üçün Zəfər tarixini özündə əks etdirən tamaşa səhnələşdiriləcək. Bu tamaşanın 2 və 3 saylı Respublika Xüsusi İnternat məktəblərində nitq və eşitmə məhdudiyyətli uşaqlar üçün premyerası keçiriləcək”.

A.Səfərovanın sözlərinə görə, səhnələşdirilən tamaşa 200 ədəd diskə yazılacaq və təqdimatı keçirilən məktəbdə uşaqlara pulsuz paylanacaq. Bununla yanaşı 200 ədəd surdo tərcümə (eşitmə və nitq məhdudiyyətli insanlar üçün) kitabı çap olunaraq uşaqlar arasında paylanacaq.

Mission News Theme by Compete Themes.