Son yeniləmə: 15 Fevral 2022 15:15
Ersin Tatar TMT-nin ilk Bayraqdarı albay Ali Rıza Vuruşkanın vəfatının 43-cü ildönümü ilə bağlı mesaj yayımlayıb
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Türk Müqavimət Təşkilatının (TMT) ilk Boz qurdu, istefada olan albay (polkovnik) Ali Rıza Vuruşkanın vəfatının 43-cü ildönümü ilə bağlı mesaj yayıb.
KKTC-nin Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, mesajda “Kıbrıs türk xalqının EOKA terror təşkilatının Enosis qanlı planına qarşı müqavimətinin məhək daşı olan əfsanəvi Türk Müqavimət Təşkilatının ilk Boz qurdu, istefada olan albay Ali Rıza Vuruşkanı vəfatının 43-cü ilində bir daha şükran və minnətlə anırıq”, – deyə bildirilib.
Bizim “Ankaralı” kimi tanıdığımız əfsanəvi qəhrəman
E.Tatar mesajında Ali Rıza Vuruşkanın keçdiyi şərəfli yola da toxunub. Bildirilib ki, Türk Müqavimət Təşkilatının qurulmasında və təşkilatlanmasında böyük əməyi və fədakarlığı olan Ali Rıza Vuruşkan ilk dəfə Kıbrısa “Ali Conan” kod adı ilə və Türkiyə İş Bankasının müfəttişi kimi ayaq basıb.
A.R.Vuruşkan 1 avqust 1958-ci ildə TMT-nin ilk Boz qurdu olaraq görəvə başlayıb. O, TMT-ni güclü, qərarlı və məğlubedilməz bir dirəniş təşkilatı halına gətirib.
1960-cı ildə görəvindən ayrılan “Ali Conan” 1 avqust 1964-cü ildə qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşla birlikdə Erenköyə gedib. O, “Akıncı” kod adı ilə Erenköy müqavimət döyüşlərini idarə edib. Həmin vaxt mücahidlər bölgə xalqı ilə birlikdə rum-yunan hücumlarına qarşı Erenköy dastanını yazıb.
“Milli mübarizəmizdə, azadlıq və istiqlal savaşımızın kritik mərhələlərində çox mühüm vəzifələri öz üzərinə götürmüş, xalqımıza, TMT üzvlərinə, mücahidlərimizə rəhbərlik edən istefada olan albay Ali Rıza Vuruşkanı unutmaq mümkün deyil. Müqavimət əzmi və qərarlılığı ilə mübarizəmizə ilham verən ehtiyatda olan albay Ali Rıza Vuruşkan xalqımızın qəlbində əbədi yaşayacaqdır. TMT-nin ilk Boz qurdu ehtiyatda olan albay Vuruşkanı və bütün şəhidlərimizi rəhmət və minnətlə yad edərkən, qazilərimizi də ehtiramla salamlayıram. Ruhları şad olsun”, – deyə mesajda daha sonra vurğulanır.
Kıbrıs türkünün milli mücadiləsinin Bayraqdarı
Onu da qeyd edək ki, KKTC-dəki Təhlükəsizlik Qüvvələri Komandanlığı da Ali Rıza Vuruşkanın vəfatının 43-cü ildönümü ilə bağlı mesaj yayıb.
Mesajda “Kıbrıs türk xalqı adaya gəlişi ilə Kıbrıs türklərinin rum hücumlarından qorunması üçün hər bir türk kəndinin keçilməz qalaya çevrilməsini təmin edən ilk Bayraqdarını, azadlıq və istiqlal yolunu açmış Boz qurdunu heç vaxt unutmayacaq” sözləri öz əksini tapıb.
Bu məqamda onu da vurğulayaq ki, Ali Rza Vuruşkanın həyatı ilə bağlı internet üzərindən etdiyimiz axtarış zamanı maraqlı məlumat əldə etdik. Bəlli oldu ki, TRT ekranlarından maraqla izlədiyimiz “Kıbrıs zafere doğru” (əvvəlki adı “Bir zamanlar Kıbrıs”) serialının əsas qəhrəmanlarından biri olan “Ankaralı” kod adı ilə tanınan şəxs məhz Ali Rıza Vuruşkandır. Daha dəqiq desək, rejissorlar serialda “Ankaralı” kod adı ilə məhz Ali Rıza Vuruşkanın qəhrəmanlığını bizlərə çatdırıblar.
Həyatı barədə hər hansı geniş məlumatlara rast gəlinmədiyi bu qəhrəman 1912-ci ildə anadan olub və 15 fevral 1979-cu ildə vəfat edib.