Son yeniləmə: 15 Fevral 2022 11:38
Bayraqdar.info – “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəni təmsil edəcək gənclərin müəyyən edilməsi üçün keçirilən kibertəhlükəsizlik üzrə milli yarışın qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
Təhsil Nazirliyindən fevralın 15-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, təbdirdə təhsil nazirinin müavini İdris İsayev iştirak edib. Nazir müavini çıxışında kibertəhlükəsizliyin əhəmiyyəti haqqında söz açıb, bu sahənin xüsusi diqqət mərkəzində olduğunu bildirib.
“Daha sonra yarışın qalibləri – Sənan Nəcəfov, Vüsalə Ələkbərova, Xalid İsmayıllı, Məhəmmədcan Məhəmmədcanov, İsgəndər İsgəndərov və Mikayıl Mustafayev təltif edilib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulanıb.
“Qeyd edək ki, qalib iştirakçılar kibertəhlükəsizlik üzrə “WorldSkills Azerbaijan” platformasının yığma komandasına daxil olaraq “WorldSkills Shanghai 2022” beynəlxalq yarışın hazırlıq prosesinə cəlb olunacaqlar. Hazırlıq prosesinin sonunda iki iştirakçı cari ilin 12-17 oktyabr tarixlərində “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil edəcək.
“Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının əməkdaşlığı çərçivəsində həyata keçirilir.
““WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır”, – deyə xəbərdə bildirilir.