Press "Enter" to skip to content

Bu, gələcəyimizin yol xəritəsi, təhlükəsizlik sənədidir

Hulusi Kılıç

Son yeniləmə: 14 Fevral 2022 23:02

Hulusi Kılıç: Şuşa Bəyannaməsi həm Türkiyə, həm də Azərbaycan üçün konstitusiya səviyyəsindədir

Bayraqdar.info – “Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrinin hüquqi cəhətdən təsdiqidir. Hər bir vətəndaşımızın bu Bəyannamənin müddəalarını bilməsi çox mühümdür”.

Bunu bayraqdar.info-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç bildirib.

Azərbaycan ilə Türkiyə arasında Şuşa Bəyannaməsinə qədər imzalanan bütün sənədlərin zamana uyğun olaraq özünəməxsus tarixi əhəmiyyətə malik olduğunu söyləyən H.Kılıç deyib: “Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında imzalanan ən önəmli sənədddir, sənədlərin anasıdır. Yəni Şuşa Bəyannaməsi həm Türkiyə, həm də Azərbaycan üçün konstitusiya səviyyəsindədir”.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi 13 oktyabr 1921-ci ilin Qars müqaviləsinə, 9 fevral 1994-cü ilin Dostluq və Əməkdaşlıq Müqaviləsinə, 16 avqust 2010-cu ildə imzalanan Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad etməkdədir. Bəyannamə həm siyasi, həm iqtisadi, həm hərbi, həm də sosial sahədə əməkdaşlığı nəzərdə tutur: “Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözü və Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamı ilk dəfə rəsmi bir sənəddə, yəni Şuşa Bəyannaməsində öz əksini tapmışdır. Bu da böyük önəm kəsb edir. Bundan başqa Bəyannamədə həm 30 ildən sonra Azərbaycanın işğaldakı torpaqlarının azad edilməsi xatırladılmaqda, həm də soyqırım mövzusuna da toxunulmaqdadır”.

Bildirilib ki, sənəddə Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi dəstək qeyd olunmaqdadır: “Eyni zamanda bu bəyannamə Türkiyə-Azərbaycan münasibətlərini iqtisadi, sosial, siyasi, ümumilikdə bütün sahələrdə əks etdirməkdədir. Xüsusilə də bu Bəyannamə iki ölkə arasında hərbi əməkdaşlığı ən üst səviyyəyə qaldırıb. Belə ki, əgər dövlətlərdən birinə hücum baş verərsə, qarşılıqlı olaraq bu hücumu öz dövlətinə edildiyini bilərək bir-birinə kömək edirlər. Ümumiyyətlə, Şuşa Bəyannaməsinin hər maddəsinin ayrı bir mənası var. Hər maddəsi Azərbaycan-Türkiyə münasibətlərinə tam başqa bir güc verir. Düşünürəm ki, Şuşa Bəyannaməsi dərsliklərdə çap olunmalıdır. Hər türk və Azərbaycan vətəndaşı bu bəyannamədəki maddələri bilməlidir”.

“Bir sözlə, bütün bu sadalanan məsələr ölkələrimiz arasında hərbi əməkdaşlığın güclənərək davam edəcəyini açıq şəkildə ortaya qoymaqdadır. Bu Bəyannamə gələcəyimizin yol xəritəsi, təhlükəsizlik sənədidir”, – deyə H.Kılıç sonda qeyd edib.

Mission News Theme by Compete Themes.