Press "Enter" to skip to content

2021-ci ildə 170 uşaqda onkoloji xəstəliklər aşkar olunub

Reyman İsmayılzadə

Son yeniləmə: 15 Fevral 2022 12:43

Bayraqdar.info – “2012-ci ilin mart ayında uşaq onkologiyasında Milli Onkologiya Mərkəzində Uşaq Onkoloji Klinikası fəaliyyətə başlaması Respublika miqyasında sıçrayış oldu. Uşaq Onkoloji Klinikasında intensiv kimya terapiya, müasir şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. aparılır. Həmçinin ambulator və poliklinik şöbə, 2 kimya terapiya şöbəsi, cərrahiyyə, anestezioloji-reanimatoloji və şüa terapiyası şöbələri fəaliyyət göstərir”. Bu sözlər Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadəyə məxsusdur.

Həkim bidlririr ki, 2021-ci ildə Klinikada 170 uşaqda onkoloji xəstəlik aşkar olunub və hamısı müvafiq protokollar əsasında müalicə alıb.

“Bilmək lazımdır ki, uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir və uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5 faizini təşkil edir. Uşaqlarda onkologiyanın əsas hissəsini embrional şişlər əhatə edir. Bunların içində leykemiyalar (28 faiz), mərkəzi sinir sisteminin şişləri (18-20 faiz) və limfomalara (12-14 faiz) daha çox rast gəlinir. Digər bədxasssəli şişlər, məsələn, nefroblastoma, neyroblastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda 6-7 faizdir. Böyüklərdə təsadüf edən xərçəng xəstəlikləri (mədə-bağırsaq, ağciyər, süd vəzi xərçəngi və.s) uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür”, – deyə həkim qeyd edir.

Uşaqlarda xərçəng xəstəliynin yaranma səbəbləri barədə məlumat verən həkim bildirib ki, valideynlərin qeyri-sağlam həyat tərzi, onların hormonal preparatlar qəbul etməsi, düzgün olmayan qidalanması uşaqlarda törəmələrin əmələ gəlməsinə təsir göstərə bilər. Bəzən uşaqlarda ana bətnində olarkən şişlər yaranır. Bunu ultrasəs müayinəsi zamanı görmək mümkündür. Bəzi onkoloji xəstəliklər ana bətnində olsa da körpə dünyaya gələndən sonra öz-özünə spontan olaraq reqressiya edə, yəni geriyə inkişaf edə bilər. Ana bətnində uşağa diaqnoz qoyulursa, yalnız körpə doğulandan sonra tədbirlər görülür, yəni ana bətnində şişlər götürülmür. Körpə doğulan kimi müayinə olunur, kimya terapiya və cərrahi müalicə tətbiq olunur. Lakin şüa terapiya tətbiq edilmir.

R.İsmayılzadə onu da qeyd edir ki, fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür. Bu günlə bağlı danışan həkim qeyd edir ki, ötən illərdə Klinikanın əməkdaşları və Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri birlikdə Bakıda bir çox Ticarət Mərkəzlərində tədbirlər təşkil ediblər. Tədbirin məqsədi ictimaiyyətin diqqətini aktual məsələyə yönəltmək və bu xəstəliklərlə bağlı əhalini məlumatlandırmaq idi: “Əməkdaşlarımız uşaqlarda mövcud olan onkoloji xəstəliklərin erkən əlamətləri, diaqnostik metodları və müalicə tədbirləri haqqında ətraflı məlumatları əhaliyə çatdırırdılar. Koronavirus pandemiyası səbəbindən bu tədbirlər son 2 ildə keçirilmir”.

Mission News Theme by Compete Themes.