Press "Enter" to skip to content

Əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq

Son yeniləmə: 15 Fevral 2022 17:23

Bayraqdar.info – Əlillik sahəsində bu il yeni meyarlar tətbiq olunacaq. Həmin yeni meyarlar əlilliyin artıq məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizi müəyyən edilməklə təyin edilməsinə, əlillik sisteminin mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşməsinə imkan verir.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq işçi qrupun iclasında vurğulanıb.

ƏƏSMN-dən bayraqdar.info-ya fevralın 15-də verilən məlumata görə, iclasda yeni meyarların üstünlükləri qeyd olunub. Bildirilib ki, həmin meyarlar əsasında şəxsin 7 istiqamət – özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə həyat fəaliyyətinin məhdudlaşma dərəcəsi əsas götürülməklə təyinat aparılacaq.

Bu da əlillik təyinatlarına daha həssas və obyektiv, ünvanlı yanaşmanı təmin edir, eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarını artırır.

İclasda tətbiq olunacaq yeni meyarlarla bağlı sosial təminat, o cümlədən orqanizm funksiyasının pozulması meyarına uyğun şəkildə sosial ödənişlərin formalaşdırılması və həyata keçirilməsi məsələləri, müvafiq təkliflər müzakirə olunub.

Mission News Theme by Compete Themes.