Press "Enter" to skip to content

TÜRKSOY-Ukrayna yaxınlaşmasında Azərbaycan faktoru

Son yeniləmə: 14 Fevral 2022 18:10

“Nizami Gəncəvini oxumaq” bədii albomun Ukraynada təqdimatı keçirilib

Bayraqdar.info – Ukraynanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə əlaqələri genişlənir. Sevindirici haldır ki, bu işdə Azərbaycan önəmli rol oynayır. Bu günlərdə isə sözügedən istiqamətdə növbəti addım atılıb.

Belə ki, Ukraynanın Dnipro Texnik Universitetinin nəzdində fəaliyyət gösətərən Azərbaycan Mədəniyyət Mərkəzində TÜRKSOY-nu yayımladığı “Nizami Gəncəvini oxumaq” bədii albomun təqdimatı keçirilib.

Təşkilatın saytında verilən məlumata görə, təqdimat mərasimində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Dnipro Texnik Universitetinin rektoru Aleksandr Azyukovskiy, Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov, Universitetin Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Gennadiy Onişenko, yazar Grigoriy Hüseynov çıxış ediblər. D.Kaseinov çıxışında “Nizami dünyada tanınan və əsərləri sayəsində adı təkcə Azərbaycan və türk ədəbiyyatına deyil, dünya ədəbi coğrafiyasına düşmüş bir şairdir. Nizami Gəncəvinin yaradıcılığı bütün dünya üçün tükənməz ədəbi xəzinədir”, – deyib. Baş katib dahi şairin şeir dünyasından bəhs edib.

Səfir E.Axundova isə öncə TÜRKSOY-un önəmli fəaliyyət göstərdiyini deyib: “TÜRKSOY yarandığı gündən türk xalqlarının mədəniyyətini tanıdır. Bu gün də Dnipro şəhərində böyük Azərbaycan şairi Nizamiyə ithaf etdiyi “Nizami Gəncəvini oxumaq” bədii albomunu təqdim edir. Sabah isə Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək”.

Sonra Dnipro Texnik Universitetinin tələbələri dahi şairin Ukrayna dilinə tərcümə olunmuş şeirlərini söyləyiblər. Həmçinin rəqs nömrələri təqdim edilib.

Tədbir çərçivəsində rəssamların Nizami Gəncəvinin əsərlərindən ilhamlanaraq yaratdıqları əsərlərdən nümunələr də sərgilənib.

Konsert proqramında ukraynalı pianoçu Anna Akimenko və azərbaycanlı solist İlham Nəzər Nizami “Sənsiz” və “Əziz Canan” mahnılarını ifa ediblər.

Sonda TÜRKSOY-un baş katibi tərəfindən Ukraynanın tanınmış azərbaycanlı heykəltəraşı, bu ölkənin Xalq rəssamı Katib Məmmədova və yazıçı Qriqori Hüseynova “Nizami Gəncəvi” medalı, rektor Aleksandr Azyukovskiy və N.Əhmədova isə xüsusi hədiyyə təqdim edib.

Mission News Theme by Compete Themes.