Press "Enter" to skip to content

Prezident və birinci xanım Ağdamda təməlqoyma mərasimlərində

Prezident Ağdamda Park Forest Otel Ağdam” mehmanxanasının təməlini qoydu

Son yeniləmə: 14 Fevral 2022 12:54

Bayraqdar.info – Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verib.

“Dövlət başçısına Ağdam Sənaye Parkının 190 hektar ərazini əhatə etdiyi məlumat verilib. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

“Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Parkın ərazisinin minalardan və hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılıb və artıq 190 hektar ərazinin 74 hektardan çoxu mina və hərbi sursatlardan təmizlənib, qalan ərazilərdə isə hazırda təmizləmə işləri aparılır. Rezidentlər fəaliyyətə başlayanadək Sənaye Parkında bütün lazımi şərait yaradılacaq. İşçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Parkın ərazisində bankomat quraşdırılıb.

Prezdent İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda Sənaye Parkının təməlini qoyublar

“Sənaye Parkının ərazisində 350 metr dərinliyində subartezian quyusu qazılıb. Əraziyə 10 kilovoltluq elektrik xətti çəkilib və 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. İşğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb. Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

“Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin (divan və kresloların), kanalizasiya və içməli su borularının istehsalı və s. təqdim olunan layihələr üzrə əsas fəaliyyət istiqamətləridir.

“Ağdam Sənaye Parkının rezidenti “Smartpoint” MMC burada reallaşdıracağı layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. Layihənin investisiya dəyəri 9,1 milyon manatdır. Layihə çərçivəsində yaradılacaq müəssisədə Türkiyə və İtaliya texnologiyalarından istifadə ediləcək. Müəssisədə ildə 21 min işıq dirəyi və 40 meqavat gücündə digər qurğuların istehsal olunması nəzərdə tutulur. “Smartpoint” MMC Sənaye Parkının rezidentləri üçün nəzərdə tutulan bütün güzəştlərdən (tam infrastruktur təminatı və vergi azadolmaları) faydalanacaq. Sənaye Parkının 1,3 hektar ərazisində inşa ediləcək müəssisədə 80 daimi iş yeri yaradılacaq. Yaxın vaxtlarda müəssisənin layihələndirmə işlərinə başlanacaq. Müəssisənin tikintisinə başlandıqdan sonrakı 6 ay müddətində istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistana da ixrac olunması planlaşdırılır.

“Digər rezident -“Dadaş-N” MMC Sənaye Parkında həyata keçirəcəyi layihə çərçivəsində müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində yaradılacaq müəssisədə il ərzində 700 min kvadratmetr xalça istehsal ediləcək. Məhsul istehsalında polipropilen, polietilen və poliakril kimi yerli xammaldan istifadə olunacaq. İstehsal prosesində Belçika və Çin texnologiyaları tətbiq ediləcək. “Dadaş-N” MMC də Sənaye Parkının rezidentləri üçün nəzərdə tutulan bütün güzəştlərdən yararlanacaq. Sənaye Parkının 2 hektar ərazisində inşa ediləcək müəssisədə 60 daimi iş yeri yaradılacaq. Müəssisənin tikintisinə başlandıqdan 24 ay müddətinə istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılmaqla yanaşı, MDB ölkələrinə ixrac olunması planlaşdırılır.

“Dövlət başçısı hər iki müəssisənin təməlini qoyub.

“Park Forest Otel”in təməli qoyuldu

Daha sonra Prezident və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində inşa olunacaq “Park Forest Otel Ağdam” mehmanxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər.

Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, “PMD Projects” MMC-nin İdarə Heyətinin sədri Nəriman Topçibaşev dövlətimizin başçısına və xanımına layihə barədə məlumat verib.

“2,16 hektar ərazidə inşa ediləcək “Park Forest Otel Ağdam” mehmanxanası 110 nömrədən ibarət olacaq. Mehmanxananın ərazisində əsas bina ilə yanaşı, konfrans mərkəzi, açıq havada üzgüçülük hovuzu, uşaq oyun meydançası, gəzinti yolları və istirahət zonaları yaradılacaq. Tikinti işlərinin 2024-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Prezident İlham Əliyev otelin təməlini qoyub.

Bundan sonra dövlət rəhbəri İ.Əliyev və birinci xanım M.Əliyeva Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulması mərasimində də iştirak ediblər.

“Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və “PMD Projects” MMC-nin İdarə Heyətinin sədri Nəriman Topçibaşev dövlətimizin başçısına və xanımına inşa olunacaq kompleks barədə məlumat veriblər.

“Qeyd olunub ki, ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub.

“Prezident İ.Əliyev yaşayış kompleksinin təməlini qoyub”, – deyə məlumatda vurğulanır.

Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməli qoyuldu

Prezidenti İ.Əliyev və birinci xanım Mehriban Əliyeva 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görüləcək işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

Prezident və birinci xanım Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlini qoydu

“Bildirildi ki, 6 hektardan çox ərazidə inşa olunacaq bu tibb müəssisəsində qəbul, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar cərrahiyyəsi, oftalmologiya, LOR, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.

“Müalicə ocağı ən müasir tibbi avadanlıqla, həmçinin Regional Kardiocərrahiyyə Mərkəzi xidmətini təmin etmək üçün angioqrafiya cihazı ilə təchiz olunacaq. Binanın zirzəmi hissəsindən isə stasionar tibbi xidmət və sığınacaq kimi istifadə ediləcək, ehtiyac yaranarsa, dərhal hərbi hospital kimi fəaliyyət göstərəcək.

“Prezident İlham Əliyev xəstəxananın təməlini qoydu.

“Qeyd olundu ki, növbəti mərhələdə Ağdam rayonu üzrə daha bir neçə səhiyyə müəssisəsinin inşası nəzərdə tutulub. Belə ki, qarşıdakı dövrdə burada Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Tibbi Yardım Stansiyası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası, çoxprofilli modul tipli xəstəxana, onkoloji, 50 çarpayılıq psixiatriya və 50 çarpayılıq vərəm əleyhinə xəstəxanalar, 20 çarpayılıq Narkoloji Dispanser, Regional Perinatal Mərkəz və QİÇS-lə Mübarizə Mərkəzi, 20 həkim məntəqəsi və ya kiçik həcmli Ailə Sağlamlıq Mərkəzi, Regional Tibb Kolleci də inşa olunacaq”- deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.