Son yeniləmə: 14 Fevral 2022 17:08
Bayraqdar.info – Dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Bu, təqvimdəki ən gənc bayramlardandır.
Bəs siz necə? Sonuncu dəfə kimə və hansı kitabı bağışlamısınız? Almaniyada yaşayan həmyerlimiz Şəfəq Azər bildirir ki, o, keçən həftə kubalı, elmi işçi kimi Almaniyaya işləməyə gəlmiş, bir tələbəsinə alman dilinin qrammatikasına dair bir kitab və CD bağışlayıb.
Yadımdadır ki, bayraqdar.info-nun qurucusu və baş redaktoru Azər Həsrət mənə bir neçə il əvvəl öz yazdığı və nəşr etdirdiyi “Bir əsgərin yaşantıları” və “Mən tanıqlıq edirəm” kitablarını hədiyyə etmişdi. Daha sonra mən özüm evdə kirill əlifbası ilə yazılan xeyli sayda kitabı “Ərgünəş” mətbəəsinə hədiyyə etmişdim.
Bir də o yadımdadır ki, məktəb illərində kəndimizdə olan beş kitabxananın fəxri üzvü idim. Ən çox kitab oxuyanların şəkilləri kitabxanaların divarını bəzəyirdi. Mənim də şəklim orada idi. 5-ci sinifdə oxuyurdum, kitabları qalaq-qalaq yığıb evə gətirərdik. Ən ağır kitab Viktor Hüqonun “Səfillər” romanı idi. Kitabda “Səfillər”in bütün cildləri toplanmışdı. Kitabın cildi boz rəngdə idi və o qədər böyük və ağır idi ki, onu qucağıma götürüb hıqqanaraq evə gətirirdim. Kitaba gücüm çatmadığı üçün onu gecə yatanda oxuya bilmirdim. “Səfillər”i evdə ancaq oturaq vəziyyətdə oxuya bilirdim. Uzanıqlı halda onu əldə saxlamaq sadəcə mümkün deyildi. Bir də o yadımdadır ki, kitabxanaçı Şəfiqə xanım kənddə qapı-qapı gəzib evlərdən kitabxanaya məxsus kitabları yığırdı. Çünki kitablar dövlətə məxsus idi. Kitabxanaya qaytarılmalı idi. Adamlar isə kitabları evdə saxlamağa üstünlük verirdilər. Kitabların içində oxumaqdan vərəqləri sürtülmüş, dağılmış, cırılmış kitablar da çox idi. Yadımdadır ki, Əlibala Hacızadənin “Əfsanəsiz illər”, “İtkin gəlin”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsində”, İlyas Əfəndiyevin əsərləri, Anarın “Beş mərtəbəli evin 6-cı mərtəbəsi” və başqa kitablar oxunmaqdan, əldən-ələ gəzməkdən cırılıb dağılmışdı. Seyid Əzim Şirvaninin, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Cəfər Cabbarlının, Səməd Vurğunun kitablarının olmadığı ev yox idi. Kitabxana həmin kitabları bərpa edərək yenidən oxucuların öhdəsinə verirdi. Biz də kitabxanaya o işdə kömək edirdik. Yəni kitablara sevgi o qədər möhtəşəm idi ki, bunu sözlə demək mümkün deyil.
Qonaq getdiyimiz evdə ilk ziyarət etdiyimiz guşə kitab guşəsi idi ki, bu da hər evdə var idi. Biz kitablardan çox danışırdıq, lap çox. Kimdə hansı kitab var idisə, qonaq gələn şəxs o kitabı oxumayıbsa, yalvar-yapış həmin kitabı alıb oxuyub qaytarırdı. Ev telefonları ilə söhbətlərdə mütləq hansısa kitab müzakirə olunurdu. Kitab oxumayan insanı insanlıqdan uzaq hesab edirdilər. Biz belə böyümüşdük. Kitablarla yaşayırdıq. Mən 5-ci sinifdə oxuyanda Teodor Drayzerin “Dahi” və “Kerri bacı” əsərlərini oxumuşdum. Hansı ki, indi bəlkə də bəzi insanların o əsərlərdən xəbəri belə yoxdur.
Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” əsəri, Əzizə Cəfərzadənin “Bakı 1501-ci ildə”, Fərman Kərimzadənin əsərləri olan evlər varlı evlər sayılırdı. Hələ xarici ədəbiyyatdan Jorj Sand, Teodor Drayzer, Ernest Heminquey, Jül Vern, Viktor Hüqonun əsərləri olan evlərə həsəd aparanlar var idi. Biz o nəsildən idik. Kasıb həyatımızı zəngin kitabarla zənginləşdirirdik. Biz o əsərlərlə fikrən dünyanı dolaşırdıq. Təbrizdən Parisə, oradan Notr Damm Kilsəsinə, oradan Əfqanıstana və nəhayət İlyas Əfəndiyevin “Söyüdlü arx”ını oxuyub Azərbaycana dönürdük. Biz Azərbaycan yazıçılarının əsərlərilə Azərbaycanı və Qarabağı qarış-qarış gəzirdik. Qazax mahalının kəndlərini, Aran-Muğan zonasının yer adlarını, İrəvanın kəndlərini dolaşırdıq. Biz belə böyüyürdük.
Onu da deyim ki, bu bayram 2012-ci ildən qeyd edilir. Bayramın tarixi ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmurun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi günün olmamasını soruşub.
2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan bloggerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral Beynəlxalq Kitab Bağışlama Günü olaraq qeyd edilməyə başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanıb və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloggerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.
Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır. Son illər Azərbaycanda da bu gün bir sıra tədbirlərlə qeyd edilir.
Qeyd: Yazıda açıq mənbələrdən istifadə edilib.