Press "Enter" to skip to content

İlham Əliyev və Mehriban xanım Əliyeva Ağdamda İmarət Kompleksində və Cümə məscidində – FOTO

Prezident və birinci xanım Ağdamda

Son yeniləmə: 14 Fevral 2022 13:54

Bayraqdar.info – Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma qərargahda yaradılan şərait barədə məlumat verib.

Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, ölkə başçısına Ağdam şəhərində yerləşən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahının ən son innovativ texnologiyalar əsasında tikildiyi bildirilib.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində

“Bir hektar sahəni əhatə edən qərargahın ərazisi düşərgə və inzibati hissədən ibarət olmaqla, inşası əsasən 6 komponent üzrə həyata keçirilib. Bunlar yaşayış, inzibati, sağlamlıq, iaşə, müasir düşərgə idarəetmə sistemi və alternativ enerji sahələridir.

“Qərargahda innovativ tikinti materiallarından istifadə olunmaqla, yüksək keyfiyyətli modul tipli isti və soyuğa davamlı, ekoloji fərdi yaşayış və inzibati binalar inşa olunub. Təhlükəsizliyin təmin edilməsi məqsədilə müasir kamera müşahidə məntəqəsi yaradılıb, açıq və qapalı idman zalları, futbol, basketbol və voleybol meydançaları, ilkin tibbi yardım məntəqəsi, müxtəlif tədbirlər üçün iclas zalı və avtomobil dayanacaqları tikilib.

“Qərargahda günəş və bioqaz enerjisindən istifadə sistemləri quraşdırılıb və daxili yollar müasir işıqlandırma sistemləri ilə təchiz edilib. Ümumilikdə 3300 kvadratmetr sahədə salınmış yaşıllıq zolağında ilin hər fəslinə uyğun 30-dan çox növdə ağac və bitki kolları əkilib. Yaşıllıqların suvarılması üçün 3 min 500 metr avtomatlaşdırılmış damcılama və çiləmə sistemləri quraşdırılıb.

“İnzibati ərazinin tam mərkəzində Bayraq Meydanı tikilib. Meydanın ətrafı abadlaşdırılıb, burada günəş enerjisi ilə qidalanan işıq dirəkləri quraşdırılıb. Ümumiyyətlə, günəş enerjisi düşərgə daxilində istifadə olunan əsas alternativ enerji mənbəyidir”, – deyə məlumatda vurğulanır.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksində

Prezident İ.Əliyev və birinci xanım M.Əliyeva fevralın 13-də Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksində olublar.

Prezident və birinci xanım Ağdamda İmarət Kompleksində

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi E.Hüseynov dövlət başçısına və xanımına kompleksdə görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

İlham Əliyev və Mehriban xanım Əliyeva Ağdamda İmarət Kompleksində

Məlumatda qeyd edilib: “XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub.

İlham Əliyev və Mehriban xanım Əliyeva Ağdamda İmarət Kompleksində

“Qarabağ xanları Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xan Cavanşirin, eləcə də onların ailə üzvlərinin – Xan qızı, şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın, şair və ictimai xadim Cəfərqulu xan Cavanşirin, xeyriyyəçi, Şuşada Aşağı və Yuxarı Gövhərağa məscidlərini tikdirmiş Gövhərnisə bəyimin, şairə, “Məclisi-üns”ün iştirakçılarından olmuş Xanbikə xanımın qəbirləri burada yerləşir. Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinə məruz qalıb”.

Prezident və birinci xanım Cümə Məscidində

Prezident və birinci xanım Cümə məscidində

Prezident və xanımı həmçinin Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar.

İşğaldan azad olunan ərazilərdə H.Əliyev Fondunun layihələrinin koordinatoru Sabiq Abdullayev Prezidentə və birinci xanıma görülən işlər barədə məlumat verib.

Məlumatda deyilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir.

Cümə məscidinin bərpa-restavrasiyasına Heydər Əliyev Fondu tərəfindən başlanılıb. Layihənin icrası üçün Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti ilə müqavilə imzalanıb.

Bildirilib ki, ilk addımda örtük və sement birləşmələri tamamilə çıxarılacaq. Tarixi kərpiclərin zədələnməməsi və kompozitin divardan qopmaması üçün işlər əl ilə aparılacaq. Bərpa prosesinin ikinci mərhələsində fasadlar biogen böyümədən təmizlənəcək, zədələnmiş və ya qırılmış kərpiclər bərpa ediləcək, karxana daşı hörgüsü əhəng əsaslı birləşmiş məhlul ilə yenidən işarələnəcək.

Prezident və birinci xanım Ağdamda Cümə məscidində

“Məscidin bişmiş kərpicdən hörülmüş iki minarəsinə spiralvari pilləkənlə qalxmaq mümkündür. Birinci mərhələdə qırıq birləşmələr, kafel başları və mövcud rəng nümunələri çıxarılacaq, ikinci mərhələdə minarələrin kərpic hörgülərinin biogen artımının qarşısı alınacaq, üçüncü mərhələdə isə kərpic başları bərpa olunacaq. Daha sonra rəng nümunələri və yazı zolaqları tarixi xüsusiyyətlərə uyğun olaraq mineral rəngli materialla bərpa ediləcək.

“Tarixi görüntülərdən də göründüyü kimi, məscid əvvəlcə taxta dam örtüyü ilə örtülüb, kərpic günbəzlər damın altında havadan və küləkdən qorunub. İlkin mərhələdə damın bütün landşaftı son biogen artımından azad ediləcək, qübbələr üzərində qırılan hörgü birləşmələri və gips örtükləri çıxarılacaq.

“Konservasiya zamanı çatışmayan, zəifləmiş və ya qeyri-sabit hörgü və tonoz konstruksiyaları yenilənəcək və ya birləşdiriləcək.

Prezident və birinci xanım Ağdamda Cümə məscidində

“Namaz zalında birinci mərhələdə əsas kərpicdən başqa bütün gips çıxarılacaq və sonrakı iş mərhələləri üçün hazırlanacaq. Bütün otaqlarda əhəng əsasında yeni, üçqatlı suvaq sistemi tətbiq ediləcək, son qatda ilk versiyaya (ağ rəngli) uyğun mineral boya tətbiq olunacaq.

“Məscidin mehrabı hazırda qəzalı vəziyyətdədir. Müvafiq olaraq, məscidin bərpası zamanı təxminən 2 metr hündürlüyə qədər torpaq sahəsində duzsuzlaşdırma tədbirləri həyata keçiriləcək. Bərpa işləri bütövlükdə tarixi görünüşə uyğun olaraq həyata keçiriləcək. Görülən işlərlə tanışlıqdan sonra dövlət başçısı çıxış edib”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.