Son yeniləmə: 14 Fevral 2022 10:38
Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair hazırlıq kurslarının tarix, coğrafiya və ingilis dili fənləri üzrə növbəti məşğələləri keçirilib.
Mərkəzdən fevralın 14-də bayraqdar.info-ya bildirilib ki, məşğələlərdə Bakı, Gəncə, Şəki və Göyçay şəhərləri üzrə DİM-də elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrantları iştirak ediblər.
Bu mərhələdə iştirakçıların hazırladıqları ev tapşırıqları ilə bağlı müzakirələr aparılıb.
“COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin qaydaları nəzərə alınaraq məşğələlər onlayn keçirilib. Moderatorlar və iştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikir bildirib, təkliflər veriblər.
“Növbəti mərhələdə kurs iştirakçıları xüsusi proqram təminatı əsasında cavabı yazı ilə ifadə olunan tapşırıqların yoxlanılması prosesindən (kalibrləmə) keçəcəklər. Sonuncu mərhələni uğurla keçən müdavimlərə sertifikat veriləcək.
“Kursu başa vurmuş müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış şəxslər DİM-lə əməkdaşlığa cəlb ediləcəklər”, – deyə xəbərdə qeyd edilir.