Son yeniləmə: 14 Fevral 2022 16:05
Bayraqdar.info – “Ofisiant” və “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə hazırlıq kursları başa çatıb. Bu kurslar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə Peşə Hazırlığı Mərkəzində təşkil edilib.
Bu barədə bayraqdar.info-ya fevralın 14-də Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, kurs “İmperial” Restoranlar şəbəkəsi və “Saloğlu” Fərdi Firması ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Kursu uğurla bitirmiş müdavimlərə sertifikatlar təqdim edilib.
Kurs müddətində peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunub. Sonda isə iştirakçılar qiymətləndirmə prosesinə cəlb ediliblər.
Məlumata əsasən növbəti mərhələ olaraq hər iki hazırlıq kursunu uğurla başa vuran 22 müdavimin adıçəkilən işəgötürənlər tərəfindən iş ilə təmin olunması nəzərdə tutulub.