Press "Enter" to skip to content

Bunun bənzəri yoxdur

Dr. Yücel Karauz

Son yeniləmə: 14 Fevral 2022 14:02

Yücel Karauz: Bu, dünyada iki ölkə arasında müttəfiqlik səviyyəsində yeni bir mexanizmdir

Bayraqdar.info – “Ötən ilin iyununda imzalanan Şuşa Bəyannaməsi ilə iki qardaş ölkə bir daha tarix yazdı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bütün bölgə üçün sülh, sabitlik və inkişaf şansı kimi qiymətləndirilir”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

Qars müqaviləsi qədər qiymətli Şuşa Bəyannaməsi

Xatırladaq ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiqlənib. Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Beləliklə, bu Bəyannaməni dəyərləndirən Y.Karauz deyib ki, Qars müqaviləsi Naxçıvanın təhlükəsizliyi üçün zəmanət olduğu kimi, Şuşa Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünün qorunması naminə həyata vəsiqə qazanan beynəlxalq statuslu təminatdır: “Elə Şuşa Bəyannaməsində tərəflərin iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etməsi də xüsusi önəm kəsb edir. Eyni zamanda, tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayıblar”.

Təkcə regional deyil, qlobal səviyyədə də qarşılıqlı dəstək göstəriləcək

Onun sözlərinə görə, iki qardaş ölkə bu Bəyannamə çərçivəsində Azərbaycanın və Türkiyənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edərək birgə addım atacaqlarını bəyan ediblər.

Eyni zamanda iki ölkənin təkcə regional deyil, qlobal səviyyədə də bir-birinə lazım olan bütün dəstəyi göstərəcəkləri bəyan edilib. Müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyi vurğulanıb.

Ən önəmli maddələrdən biri

Y.Karauz deyib ki, burada ən önəmli maddələrdən biri, bəlkə də birincisi aşağıdakıdır. Həmin maddədə deyilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”. Fikrimcə burada hər şey tam aydındır və Azərbaycana və ya Türkiyəyə hücum etmək istəyən, bu fikrə düşməyə cəhd edən xarici ölkələr, yaxud qurumlar yaxşı-yaxşı düşünməlidirlər”.

İki ölkə bir-birinin təhlükəsiziliyinin təminatçısı rolunda çıxış edəcək

Müsahibimizin qənaətinə görə, önəmli maddələrdən biri də budur ki, tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcək və bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcək: “Qeyd edim ki, bu dünyada iki ölkə arasında müttəfiqlik səviyyəsində yeni bir mexanizmdir. Bunun dünyada indiyə kimi analoqu, bənzəri yoxdur. Bundan başqa Bəyannamədə iki ölkə silahlı qüvvələrinin birgə təlimləri, modernləşdirilməsi, kibertəhlükəsizliyə qarşı birgə mübarizə, tərəflərin müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edilməsi və s. maddələr də diqqətdən qaçmamalıdır”.

“Dolayısı ilə müttəfiqlik anlaşması olan Şuşa Bəyannaməsi NATO-nun 5-ci maddəsində, həmçinin KTMT-də olduğu kimi iki qardaş ölkənin zamanın təhlükələrinə qarşı birgə addım atmasını təmin edəcək. Bir sözlə iki ölkə bir-birinin təhlükəsiziliyinin təminatçısı rolunda çıxış edəcək. Buna görə də yenə də vurğulayaram ki, bu iki dövlətə qarşı hansısa addımlar atmaq istəyən dövlət və qurumlar bir daha düşünməli və ağıllarını başlarına almalıdırlar”, – deyə Y.Karauz sonda əlavə edib.

Mission News Theme by Compete Themes.