Press "Enter" to skip to content

14 fevral Azərbaycanda TV yayımının başlandığı gündür

Televiziya

Bayraqdar.info – İlk dəfə 1956-cı il fevralın 14-də Azərbaycanda milli televiziya  yayıma  başlayıb. Həmin dövrdə hər bir evdə televizor yox idi deyə qonşular televizoru olan şəxsin evinə toplaşar, oradan verilən konsertlərə, verilişlərə birlikdə tamaşa edərdirlər. Evində televizor olan şəxsə xoşbəxt insan kimi baxırdılar. Televizorda deyilən cümlələr sərrast seçilib bir neçə redaktorun əlindən və sonra da senzuradan keçirdi ki, efirdə bir dəfə də olsun kənar söz işlənmirdi.  O vaxt diktorlara da oxuduğu xəbərə söz əlavə eləməyə icazə verilmirdi. Qadağalar çox sərt idi. Belə hərəkət edən diktorlar işdən kənarlaşdırıla bilərdi. Ona görə də televiziya aparıcıları çox dəqiqliklə seçilir, təsadüfi insanlar efirə çıxa bilmirdi. Aparıcı və diktorları seçmək üçün xüsusi münsiflər heyəti var idi. Onlar diktorların diksiyasına, sözləri düzgün tələffüz etməsinə, çətin sözləri çətinlik çəkmədən söyləməsinə, vizual görünüşlərinə və səslərinə xüsusi diqqət yeririrdilər. Əgər diktorun səsi ürəyəyatan deyildisə, onu efirə buraxmırdılar. Bütün bunlar şərt idi.

O dövrdə hər kənddə, məhəllədə  1-2 adamın evində televizor olardı. Bu, sonralar çoxalmağa başladı və nəhayət evində TV-si olmayan qalmadı.

İndi o vaxtdan 66 il keçib. Bu illər ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan televiziya ötürücüləri istismara verilib. Hazırda elm və texnikanın inkişafı ilə əlaqədar müxtəlif formalı, ekranı müxtəlif ölçülü TV-lər istehsal olunur. Bu da insanlara seçim imkanı verir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikintisi başa çatdırılan və 1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyə və unikal konstruksiyaya malik olan bu kompleks vasitəsi ilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır. Müstəqil TV kanallarının Azərbaycanda yayımına icazə verilməsi də məhz müstəqillik illərindən sonra baş verdi. İndi Azərbaycan əhalisi rahatlıqla dünyanın digər kanallarına baxa bilir və Azərbaycanın yerli kanallarını da dünyanın müxtəlif ölkələrindən izləmək mümkündür.

Mission News Theme by Compete Themes.