Son yeniləmə: 12 Fevral 2022 13:13
Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsinin nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Qarabağ Azərbaycandır nidasından Şuşa ilinə!” sərlövhəli böyük məqaləsi Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə paytaxtdakı “Uluu Toolor” nəşriyyatında Azərbaycan, rus, qırğız, türk və özbək dillərində kitab şəklində nəşr edilib.
Fevralın 12-də AMEA-nın Gəncə bölməsindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, məqaləni qırğız dilinə akademik Osmonakun İbraimov, özbək dilinə Daşkənddə yaşayan şairə Gülzirə Şaripova, türk dilinə Yusif Aslan, rus dilinə Aynurə Əmiraslanova tərcümə ediblər.
“Nəşrdə yazılır ki, strateji mövqeyi ilə seçilən qədim Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalıb. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət abidələri erməni vandalizmi nəticəsində dağıdılıb.
“Müəllif yazır: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi həkk olundu”.
“Bildirilir ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Xatırladaq ki, bu kitab fondun sifarişi ilə çap olunan 128-ci nəşrdir. Toplunun digər nəşrləri kimi Orta Asiya ölkələrində pulsuz yayılması nəzərdə tutulub”, – deyə xəbərdə bildirilir.