Son yeniləmə: 12 Fevral 2022 16:21
Emin Həsənli: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müharibə dövründə də Azərbaycan Prezidentinin qarşıya qoyduğu tapşırıqları dəqiqliklə yerinə yetirdi
Bayraqdar.info – “Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 yaşı tamam olur. Məlum olduğu kimi 2012-ci ilin 13 fevralında Prezident İlham Əliyevin Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən 10 ildə Azərbaycanda hərbi sahədə xeyli yeniliklər baş verib, Azərbaycan 30 ilə yaxın işğal altında qalan ərazilərini hərbi yolla azad edib. Sözsüz ki, bu dəyişikliklərdə və qazanılan tarixi Zəfərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də öz payı var”.
Bunu bayraqdar.info-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar silahlı qüvvələrimizin daha da güclənməsinə təkan verib: “Bu islahatların davamı olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması baş verdi. Bu inqilabi islahat idi. Bu qurumun yaradılmasıyla çağırış məsələsində şəffaflıq yaradıldı. İşlər müasir tələblərə uyğun quruldu. Görülən işlərin nəticəsidir ki, bu gün ehtiyatda olan hərbçilərin, şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin elektron reyestri mövcuddur. Bundan əvvəl bu məlumatlar əlyazma formasında saxlanılırdı. Bu proseslər müasirləşdirildi, elektronlaşdırıldı. Artıq müasir elektron baza mövcuddur. İndi dəqiq bilinir ki, Azərbaycanda nə qədər Əfqanıstan müharibəsi əlili, o müharibədə həlak olan şəxs var. Bununla yanaşı Çernobl qəzasında zərərgörmüş şəxslərin dəqiq siyahı və sayı müəyyənləşdirilib. Eyni zamanda Qarabağ müharibəsi iştirakçılarının, şəhidlərinin və ailələrinin, Milli Qəhrəmanlarının, itkin düşənlərinin dəqiq siyahısı tərtib edilib. Ən əsası isə o idi ki, səfərbərlik resursları dəqiqləşdirildi. Ərazisi işğal altında olan, müharibə şəraitində olan ölkə üçün bu bir nömrəli iş idi. Bizim hansı qoşun növü, ixtisas, yaş kateqoriyası üzrə səfərbərlik resursumuz olduğu, onların harada yaşadıqları, nə işlə məşğul olduqlarının qeydiyyatı aparıldı”.
E.Həsənli qeyd edib ki, bu görülən işlərin ən ciddi nəticəsi müharibə ərəfəsində bəlli oldu: “Müharibə ərəfəsində gördük ki, xalqımız necə səfərbər oldu. Şübhəsiz ki, bu da Xidmətin öz işini düzgün qurması, Ali Baş Komandan tərəfindən qarşıya qoyulan vəzifələrin yüksək səviyyəsində yerinə yetirilməsinin nəticəsi idi. Eyni zamanda Vətən müharibəsi dövründə istər səfərbərlik sahəsində, istərsə də müharibədə şəhid olan hərbi qulluqçuların ailəsinə təhvil verilməsi və dəfn olunması ilə bağlı görülən işlər də deyilənlərin daha bir təsdiqidir. Necə deyərlər Səfərbərlik Xidməti bu imtahandan da üzüağ çıxdı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müharibə dövründə də Azərbaycan Prezidentinin qarşıya qoyduğu tapşırıqları dəqiqliklə yerinə yetirdi”.