Son yeniləmə: 11 Fevral 2022 18:41
Bayraqdar.info – “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək “Aqrar texnologiyalar” (AgroTech) müsabiqəsində iştirak edən tələbə, startapçı və fərdi sahibkarlar innovativ layihə və məhsullarını uğurla təşviq etmək imkanı əldə edəcəklər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, “TEKNOFEST” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il 26 – 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
“Festivalın ən maraqlı müsabiqələrindən biri olan “AgroTech”in keçirilməsində əsas məqsəd irəli sürüləcək yeni texnologiyalarla həm əhalinin rifahının yaxşılaşdırılmasına, həm də ölkə iqtisadiyyatının inkişafına dəstək göstərməkdir.
“Son illərdə kənd təsərrüfatı sahəsində ən çox müşahidə olunan problemlər meşə və bitki örtüyünün xeyli seyrəlməsi, mədən yataqlarının qeyri-adekvat istismarı, uyğun olmayan əkin dövriyyəsi, qeyri-mütənasib gübrə istifadəsi və qlobal iqlim dəyişikliyi nəticəsində məhsuldarlığın azalmasıdır.
““AgroTech” müsabiqəsinin şərtlərinə əsasən, B kateqoriyasında iştirak edən tələbələr və C kateqoriyasında iştirak edən startapçılar və fərdi sahibkarlar üçün Mükafat Fondu eynidir: I yer 6 min manat, II yer 4 min manat, III yer 2 min manat təşkil edir. Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 17 fevral 2022-ci ildir”, – deyə məlumatda qeyd edilir.