Son yeniləmə: 11 Fevral 2022 15:08
Bayraqdar.info – Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun ikinci iclası keçirilib. Şuşa şəhərində baş tutan iclasda “Azərsu” ASC-nin və işçi qrupuna daxil olan digər dövlət təşkilatlarının əməkdaşları və mütəxəssislər iştirak edib.
Bu barədə bayraqdar.info-ya “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məılumat verilib.
Bildirilib ki, iclasda çıxışlar zamanı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin içməli su təchizatının bərpası məqsədilə görülmüş təxirəsalınmaz işlər barədə məlumat verilib. Qeyd olunub ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra qısa müddət ərzində Kiçik Kirs və Zarıslı mənbələrinin suqəbuledici qurğularında və magistral kəmərlərdə bərpa işləri aparılaraq şəhərə suyun verilməsi təmin edilib, paylayıcı şəbəkələrdə tənzimləmə işləri görülüb.
Sonra Şuşa şəhərinin içməli su təchizatı sistemin yenidən qurulması məqsədilə perspektivdə nəzərdə tutulan işlər barədə təqdimat edilib. Bildirilib ki, ötən ilin sonlarında Şuşa şəhərinin içməli su təchizatının yenidən qurulması layihəsinin ilkin mərhələsi üzrə işlərə başlanılıb. Layihə çərçivəsində Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 km-lik hissəsi dəyişdirilib. O da diqqətə çatdırılıb ki, layihə çərçivəsində şəhər ərazisində 2 su anbarı və şəhərdaxili şəbəkənin 6 km-lik hissəsi yenidən qurulacaq.
Qeyd edilib ki, mövcud Kiçik Kirs və Zarıslı mənbələrindən istifadə ilin müəyyən dövrlərində tələbatı ödəməyə bilər. Buna görə də alternativ mənbə olaraq Zarıslı çayının su ehtiyatlarından istifadə olunması planlaşdırılır. Bu məqsədlə çayın Şuşa şəhərinə yaxın hissəsində suqəbuledici qurğunun və nasos stansiyasının tikintisi üzrə tədqiqat işləri planlaşdırılır.
İclasda Şuşa şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması ilə bağlı perspektiv layihələr, bu sahədə innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri də müzakirə edilib.