Son yeniləmə: 11 Fevral 2022 18:54
Bayraqdar.info – Fevralın 11-də “N” hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Əlamətdar gün münasibətilə Müdafiə nazirinin təbriki şəxsi heyətə çatdırılıb.
Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, tədbirdə digər çıxış edənlər hərbi hissənin yaranma tarixindən, Vətən müharibəsində keçdiyi döyüş yolundan və qarşısında duran vəzifələrdən danışıblar. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasətin bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Dövlət başçısının diqqət və qayğısı sayəsində hərbi hissənin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də şəxsi heyətin sosial-məişət şəraiti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şəraitin yaradıldığını qeyd ediblər.
Xəbərdə qeyd edilir ki, sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən hərbi qulluqçular fəxri fərmanla təltif olunublar.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin təqdimatında konsert proqramı ilə başa çatıb.