Son yeniləmə: 11 Fevral 2022 09:38
Bayraqdar.info – Beyləqan Suvarma Sistemləri İdarəsi 2 mənbədən su götürməklə rayon ərazisində yerləşən torpaq sahələrinin suvarılmasını yerinə yetirir.
Bu barədə bayraqdar.info-ya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.
Qeyd olunub ki, hər il olduğu kimi bu il də xidməti ərazidə olan torpaq məcralı kanallarda lildən təmizləmə işləri aparılır. Bunun üçün bir-neçə istiqamətdə texnikalar vasitəsilə bu işlər sürətlənib. Məqsəd su itkisinin qarşısını almaq, suvarma suyunu fermerlərə vaxtında və səmərəli çatdırmaq və kəndlinin suvarma suyuna olan təlabatını ödəməkdir.
Bildirilib ki, Beyləqan Suvarma Sistemləri İdarəsi növbəti suvarma mövsümünə hazırlıq məqsədilə balansında olan 7 ədəd nasos stansiyaların və 117 ədəd subartezian quyularının sazlığına da diqqət yetirir. Belə ki, nasos stansiyalar və subartezian quyularının dərinlik nasosları təmir olunaraq saz vəziyyətə gətirilib.
İdarənin əsas funksiyalarından biri də torpaq məcralı kanalları beton üzlüklə əvəzləməkdir ki, artıq bu işlər son iki ildə daha da sürətlənib. Buna misal olaraq rayon ərazisindən keçən P-3 kanalını göstərmək olar.
Qeyd edək ki,Beyləqan Suvarma Sistemləri İdarəsi Qarabağ kanalı vasitəsilə Kür çayından, Xan qızı kanalı vasitəsilə isə Araz çayından su götürməklə rayon ərazisində 50 min 539 ha əkilən kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirir ki, bu da hər il məhsul artımına səbəb olur. Beyləqan Suvarma Sistemləri İdarəsinin balansında 1298 km suvarma kanalı var.