Press "Enter" to skip to content

Azərbaycan Bankçılar Gününün tarixi

Cümhuriyyət dövründə bankçılıq

Son yeniləmə: 11 Fevral 2022 14:31

Bayraqdar.info – 2022-ci il fevralın 11-i Azərbaycan Mərkəzi Bankı 30 illik yubileyidir. Yubiley münasibətlə Bank “Qarabağ” mövzusuna həsr olunan yenilənmiş 20 manatlıq pul nişanını tədavülə buraxıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Prezidentin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılıb. 2009-cu ildən etibarən isə referendum keçirilərək Milli Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı adlandırılıb.

Azərbaycan Mərkəzi Bankı

Azərbaycanın bankçılıq tarixi

Azərbaycanın bankçılıq tarixi XIX əsrdən başlayır. 1860-cı ildə Rusiya imperiyasının Dövlət Bankı təsis ediləndən bir il sonra onun Bakı bölməsi açılıb. Bölmənin əsas məqsədi əmtəə dövriyyəsini genişləndirməkdən və kredit sisteminin inkişafını sürətləndirməkdən ibarət olub. XIX əsrin sonunda Azərbaycan Qafqazın digər regionları ilə müqayisədə kapital quruluşuna xas olan ən inkişaf etmiş – özündə 200-ə yaxın kredit idarəsini birləşdirən kredit-bank sisteminə malik idi.

1909-cu ildə neft sənayesi və onunla bağlı istehsal müəssisələri uzunmüddətli durğunluqdan sonra öz fəaliyyətini bərpa etdiyi bir şəraitdə Bakıda kredit-bank sisteminin yeni inkişaf mərhələsi başlayır.

H.Z.Tağıyevin Bakı Tacir Bankı

1909-cu ildə Sankt-Peterburq Beynəlxalq Kommersiya Bankı Balaxanı kəndində özünün ikinci şöbəsini açır. 1914-cü il aprelin 15-də isə ilk yerli səhmdar kommersiya bankı – Bakı Tacir Bankı açılır. Onun idarə heyətinin sədri Musa Nağıyev, bank şurasının sədri isə Hacı Zeynalabdin Tağıyev idi.

1900-1913-cü illərdə Bakıdakı 9 bank kontoru arasında ən mühümləri Əbdül Həmid Ələsgərov, Hacı Şıxəli Dadaşov, H.Z.Tağıyev və Tumanyan qardaşlarına məxsus idi, onlar daha çox kommersiya banklarının ixtisaslaşması ilə fərqlənirdi.

Həmin illərdə Bakıda borc (kredit) verən Qarşılıqlı Borcvermə Cəmiyyəti, Şəhər Borcvermə Cəmiyyəti, xəzinəyə və xüsusi şəxsə məxsus olan şəhər lombardı kimi idarələr də fəaliyyət göstərirdi.

Hacı Zeynalabdin Tağıyev

Regionlarda bankçılıq belə inkişaf edirdi

Gəncə, Şuşa, Şəki, Lənkəran və Naxçıvan kimi iri ticarət-sənaye mərkəzlərində də kredit-bank sistemi inkişaf edirdi. Bu şəhərlərdəki kredit-bank sisteminin xüsusiyyəti dünya sənaye sistemini bürümüş böhrandan sonrakı durğunluq dövründə də inkişaf etməsi idi. Bunun başlıca səbəbi böhranın, neft sənayesindən fərqli olaraq, yerli sənaye sahələrinə və sənətkarlığa göstərdiyi təsirin zəif olmasında idi. Əvvəlki dövrlərin kapital yığımı sayəsində Şuşada yerli tacirlərin və sənaye sahiblərinin təşəbbüsü ilə 1904-cü ildə ilk kredit idarəsi – Qarşılıqlı Kredit Cəmiyyəti, 1910-cu ildə Volqa-Kama Kommersiya Bankı Tiflis şöbəsinin komisyonerliyi, 1914-cü il iyulun 25-də isə nizamnaməsi hələ 1905-ci ildə təsdiq olunmuş Qarşılıqlı Kənd təsərrüfatı Kredit Cəmiyyəti açılır.

Puı vahidi

Bank idarələrinin mövcud olduğu Gəncə şəhərində 1905-ci il yanvarın 3-dən Qarşılıqlı Borcvermə Cəmiyyəti, iki ildən sonra isə 1910-cu il yanvarın 1-dən Yelizavetpol Qarşılıqlı Kredit Kommersiya Cəmiyyəti adlandırılan ikinci belə cəmiyyət yaradılır. Həmin il Volqa-Kama Kommersiya Bankı Tiflis şöbəsinin 1913-cü ildən həmin bankın agentliyinə çevrilən komisyonerliyi, 1912-ci il avqustun 16-dan Tiflis kommersiya bankının şöbəsi fəaliyyətə başlayır.

Şəkidə ilk bank idarəsi – Qarşılıqlı Kredit Cəmiyyəti 1908-ci il mayın 20-də, bir ildən sonra Əhmədov qardaşlarının Banklar Evi və 1910-cu ildə isə Tiflis Kommersiya Bankının şöbəsi açılır.

XX əsrin əvvəllərində mühüm ticarət mərkəzinə çevrilmiş Culfada 1910-cu ildə Azov-Don Kommersiya Bankının şöbəsi,1911-ci ildə İran Hesab-Borc Bankının şöbəsi və 1912-ci ildə isə Tiflis Kommersiya bankının şöbəsi yaradılır.

Azərbaycanın başqa şəhərlərində – 1910-cu ildə Naxçıvanda Qarşılıqlı Kredit Bankının şöbəsi, 1911-ci ildə Lənkəranda Rus-Asiya bankının 1913-cü ildə həmin bankın şöbəsinə çevrilən komisyonerliyi, Astarada İran Hesablama-Borc Agentliyinin şöbəsi açılır.

Kommersiya bankları

Kommersiya bankları XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən kredit-bank sistemində əsas həlqə idi. Rusiyanın Azərbaycan ərazisini fəaliyyət mühiti etmiş dövlət və səhmdar torpaq bankları sırasına 1900-cü ildən Don Səhmdar Torpaq Bankı, 1903-cü ildən Yaroslavl-Kostroma Səhmdar Torpaq Bankı,1907-ci ildən Poltava Səhmdar Bankı, 1906-cı il fevralın 15-dən Kəndli Torpaq Bankının Zaqafqaziya şöbəsi daxil idi.

Dövlət Zadəgan Torpaq Bankı Zaqafqaziya şöbəsinə öz fəaliyyətini Azərbaycanda yaymağa icazə vermişdi, lakin bankın mərkəzi idarəsinin siyasəti yerli mülkədar və bəyləri onun müştərisi olmaqdan məhrum etmişdi. Bunun başlıca səbəbi onların imtiyazlılığa mənsubluğunu və mülklərinin sərhədlər üzrə onların mülkiyyətində olduğunu təsdiqləyən sənədlərin olmaması idi. Yerli və Qafqaz inzibati orqanları bankın mərkəzi idarəsi qarşısında dəfələrlə vəsatət qaldırdığına baxmayaraq, bəylər öz torpaqlarını burada girov qoymaq hüququ ala bilməmişdilər. Yalnız xan nəslindən olanlar və rus əsilzadələri öz torpaqlarını bu banka girov qoya bilərdilər.

Cümhuriyyət dövründə yaradılan Azərbaycan Dövlət Bankı

1918-ci il mayın 28-də Demokratik Respublika – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar 1919-cu il martın 7-də Azərbaycan Respublikası hökumətinin qərarı ilə Azərbaycan Dövlət Bankı təşkil edilir. Elə həmin il sentyabrın 16-da Azərbaycan Respublikasının parlamenti Maliyyə Nazirliyinin kredit şöbəsi tərəfindən hazırlanmış Azərbaycan Dövlət Bankının Nizamnaməsini qəbul edir. 1919-cu il sentyabrın 30-da isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı olur və həmin gündən etibarən bank fəaliyyətə başlayır. Azərbaycan Dövlət Bankının sədri Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri Əliağa Həsənov olur. Dövlət Bankının mərkəzi aparatının binası Bakının Qorçekovski (indiki H.Z.Tağıyev) küçəsində yerləşirdi. 1919-cu il noyabrın 9-da Dövlət Bankının Gəncə bölməsi açılır. Sonralar digər regionlarda da Dövlət Bankının bölmələri təsis edilir.

Azərbaycan Xalq Cümhuriyyətinin pul vahidi

Bankın əsas məqsədi pul dövriyyəsini asanlaşdırmaq, ticarət, sənaye və kənd təsərrüfatına yardım etmək, habelə pul sistemini möhkəmlətməkdən ibarət olan hökumət idarəsi idi. Dövlət Bankının nizamnamə (əsas) kapitalı 50 milyon rubl idi. Nəzərdə tutulurdu ki, hər il bu kapital illik gəlirin 10 faizi həcmində vəsait hesabına artırılacaq. Ehtiyat kapitalı isə 10 milyon rubl məbləğinə çatana qədər illik gəlirin 20 faizi məbləğində, sonra isə 10 faizi məbləğində vəsait hesabına formalaşdırılmalı idi. Ehtiyat kapitalı Bankın əməliyyatları üzrə yaranmış ziyanın örtülməsi üçün yaradılmalı idi. Bu kapital da az olduqda əsas kapitaldan istifadə edilməli idi. Öz növbəsində əsas kapitalın çatışmayan hissəsi dövlət büdcəsi hesabına örtülməli idi. Eyni zamanda, Bankın saxlanması üçün gəlirin kifayət olmadığı təqdirdə xüsusi ehtiyat fondunun yaradılması nəzərdə tutulurdu. Həmin fond illik gəlirin 5 faizi məbləğində ödəmələr hesabına formalaşdırılmalı idi.

Pul nişanlarının emissiyası səlahiyyəti Dövlət Bankına mənsub idi. Bütövlükdə Demokratik Respublika dövründə Azərbaycanda 2 milyard 345 milyon rubl məbləğində pul nişanları emissiya edilib. Milli valyutanın dönərliliyini təmin etmək məqsədi ilə hökumət Bakı bonu ilə digər valyutaların mübadilə məzənnəsini müəyyən edirdi.

Pul vahidi

“Banklar bankı” sayılan Azərbaycan Dövlət Bankı ölkədə mövcud olan kredit təşkilatlarının fəaliyyətinə nəzarət edirdi. Ümumiyyətlə, Demokratik Respublika dövründə Azərbaycanın pul-kredit sistemi xeyli inkişaf etmişdi.

Lakin Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli əmri ilə Azərbaycan Dövlət Bankı Azərbaycan Xalq Bankı adlandırılır. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 9 iyun tarixli qərarı ilə bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək Xalq Bankının tərkibinə qatılır. Beləliklə də bank işi dövlətin müstəsna inhisarına keçir.

1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi yaradılır və Azərbaycanda dövlət inhisarında olan bank sistemi də mərkəzdən idarə olunmağa başlanır. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına müvafiq olaraq Azərbaycan SSRİ-nin tərkibinə “suveren” Respublika kimi daxil olur və 1991-ci ilin sonlarına kimi mövcud olmuş SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi fəaliyyət göstərir.

Qeyd: Yazıda açıq mənbələrdən istifadə edilib.

Mission News Theme by Compete Themes.