Son yeniləmə: 10 Fevral 2022 16:35
Bayraqdar.info – “Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanlar arasında baş verən artım səhiyyə sistemində müəyyən yüklənmələrə səbəb olur. Bunun nəticəsidir ki, götürülən testlərin cavabı bəzən 48 saatdan gec verilir. Bəzi hallarda xəstəliyin bütün simptomları müşahidə edilsə də, analiz nümunələrində virus aşkarlanmır. Bu da vətəndaşlar arasında narazılıq, həkimlərdə isə narahatlıq yaradır”.
““Omicron” çox sürətlə yoluxur və təəssüf ki, yoluxmaların hamısını testlə təsdiqləmək imkanı məhdudlaşır. Testin nəticəsi mənfi çıxanda da COVID olmaması fikrinə düşmək olmaz. Ümumiyyətlə, pandemiya dönəmində yuxarı tənəffüs yolları simptomları, qızdırması, halsızlığı olan hər bir xəstə özünü COVID xəstəsi kimi zənn edərək təcrid olunmalıdır”.
Bayraqdar.info bildirir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu sözləri Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.
Həkim qeyd edir ki, “Omicron” yuxarı tənəffüs yolları əlamətləri ilə özünü büruzə verir. Yüksək hərarətlə xarakterizə olunur, iybilmə, dadbilmənin itirilməsi əvvəlki ştamlarla müqayisədə daha aşağıdır. Pnevmoniya yaratmaq qabiliyyəti də virusun digər mutasiyaları ilə müqayisədə zəifdir. Yeni ştam əvvəlkilərlə müqayisədə daha yüngül əlamətlərlə müşahidə edilir. Xəstəlikdən ağırlaşmaların və ölənlərin sayı da azdır, amma yenə də var. Ağırlaşmaların əksəriyyəti peyvənd olunmayanlar arasında baş verir.
“Vətəndaşlar arasında peyvəndin təsirindən virusa yoluxduğunu iddia edənlər də var. Mütəxəssislər belə halın mümkünsüz olduğunu bildirirlər. Mərkəzin baş infeksionisti həmin iddialara cavab olaraq deyib: “Peyvənddən sonra yoluxma tibbi baxımdan tamamilə əsassızdır: Xəstələr ya peyvənddən üç-beş gün əvvəl, ya da peyvənddən bir-iki gün sonra başqa məkanlarda yoluxurlar və bunu peyvəndlə əlaqələndirirlər”.
“Hər bir halda peyvənd xəstəliyi daha yüngül keçirməyə kömək edir, ölüm riskini azaldır. Peyvənd olunmayan anticismsiz orqanizm isə virusun baş qaldırması üçün sərbəst mühitdir”, – deyə Baş infeksionist bildirib.