Son yeniləmə: 10 Fevral 2022 00:34
Bayraqdar.info – Ukraynada Krım tatar və Ukrayna musiqilərindən güc alan bir layihəyə başlanıb. “Yuşan-Zillya (Yavşan-İksir)” adlı layihənin məqsədi iki mədəniyyətin, iki dilin, iki xalqın birləşməsinə təkan verməkdir. Layihədə aşıq Veysəl türküləri səsləndirilib.
Kırım Haber Ajansının məlumatına görə, layihənin müəllifləri Ukrayna və Krım tatar rəssamlarıdır. Ukraynalı müğənni və aktirisa Natalya Rıbka-Parhomenko sosial şəbəkədə “Yuşan-Zillya (Yavsan-Eliksir)” adlı yeni Krım tatar-Ukrayna layihəsinə start verildiyini açıqlayıb.
Layihənin ilk hissəsini paylaşan müğənni “Layihə çərçivəsində Krım tatar musiqiçiləri Cəmil Karıkov (saz) və Nial Halilovanın (violonçel) ifası lentə alınıb. Layihə köhnə Ukrayna, Krım tatar və türk xalq mahnılarından və türk ozanı aşıq Veysəlin türkülərindən tərtib olunub”, – deyə qeyd edib.
Layihənin birinci hissəsində Ukraynanın “Qırmızı qartopu çiçəyi (Cervona Kalına)”, Türkiyə türkcəsində Aşık Veysəlin “Çiğdem Der Ki” mahnısı və “Uzun İnce Bir Yoldayım” mahnıları, həmçini Krım tatarının “Ayneni” (Nini) türküsü səslənib.