Press "Enter" to skip to content

Turizm potensialının təbliği 2021-ci ildə də prioritet istiqamətlərdən olub

Kənan Quluzadə

Son yeniləmə: 10 Fevral 2022 00:33

Kənan Quluzadə: Dövlət Turizm Agentliyi tərəfindən ötən il bu məqsədlə bir neçə istiqamətdə fəaliyyət həyata keçirilib

Bayraqdar.info – Bu bir həqiqətdir ki, turizm dünya iqtisadiyyatının əsas inkişaf və gəlir istiqamətlərindən biridir. Lakin təəssüflə qeyd etməliyik ki, son vaxtlar turizm, eyni zamanda dünya iqtisadiyyatının pandemiyadan ən çox zərər çəkən sahəsi oldu. Ölkələr arasında sərhədlərin bağlanması turizm səfərlərinin tamamilə dayanmasına gətirib çıxardı. Heç şübhəsiz bu, bütün dünyada olduğu kimi Azərbaycanda da turizm sənayesinin fəaliyyətinə ciddi təsir göstərdi. Bəs, bütün bunların fonunda postpandemiya dövrü kimi xarakteriz edilən 2021-ci il Azərbaycan turizmi üçün nələrlə yadda qalıb? Ötən il turizmin təbliği və inkişafı istiqamətində istər ölkə daxilində, istərsə də xaricdə hansı addımlar atılıb?

Dövlət Turizm Agentliyi (DTA) sədrinin müşaviri Kənan Quluzadə ilə bayraqdar.info üçün özəl müsahibədə bu və digər suallara aydınlıq gətirməyə çalışdıq.

Turizm sahəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir

K.Quluzadə konkret faktlara keçməzdən öncə onu bildirdi ki, Azərbaycanda turizm sahəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir: “Məlum olduğu kimi hazırda postpandemiya dövrü davam edir. Dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlərin davamı olaraq ölkə rəhbərliyinin turizmə xüsusi diqqəti və qayğısı postpandemiya dövrü üçün də turizmin sürətlə bərpasına nail olunacağını deməyə əsas verir”.

Qeyd olundu ki, 2021-ci il ərzində turizmin tədricən bərpa olunması ilə Dövlət Turizm Agentliyi tərəfindən addımlar atılıb: “2021-ci ildə Azərbaycanda turizmin bərpası, inkişaf etdirilməsi və turizm potensialının təbliği məqsədilə DTA tərəfindən bir neçə istiqamətdə fəaliyyət həyata keçirilib”.

Agentlik xarici ölkələrdə keçirilən bir çox sərgi, forum və tədbirlərdə iştirak edib

Beləliklə, müsahibimiz öncə 2021-ci il ərzində Agentliyin beynəlxalq arenadakı fəaliyyətinə toxundu: “Azərbaycan turizm potensialının təbliği 2021-ci ildə də prioritetlərimizdən oldu. Məhz bu məqsədlə də ötən il ərzində xarici ölkələrdə keçirilən bir çox sərgi, forum və tədbirlərdə iştirak etdik. Belə ki, Agentlik Rusiyanın Moskva şəhərində “OTDYKH Leisure” beynəlxalq sərgi və forumunda, Türkiyədə “ACE of MICE” və “Antalya”, Rusiyanın Yekaterinburq şəhərində “Expotravel 2021”, Ukraynanın Kiyev şəhərində “DeluxeTravel Market”, Qətərin Doha şəhərində “Qatar Travel Mart”, BƏƏ-nin Dubay şəhərində “ATM 2021” (ArabianTravel Market 2021) beynəlxalq turizm sərgilərində milli stendlə təmsil olundu”.

 

Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində oktyabr ayından başlayan “Expo 2020 Dubai” beynəlxalq sərgisi çərçivəsində keçirilən turizm həftəsində Azərbaycanın milli pavilyonunda müxtəlif tədbirlər keçirilib, Azərbaycanın aqro və qastro turizm imkanları təqdim olunub: “Milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Eləcədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və sosial sahələrdə davamlı inkişafı və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilib”.

Virtual olaraq keçirilən beynəlxalq tədbir və sərgilərdə turizm imkanları nümayiş etdirilib

K.Quluzadənin sözlərinə görə, 2021-ci ildə həmçinin virtual olaraq keçirilən beynəlxalq tədbir və sərgilərdə turizm imkanları nümayiş etdirilib: “Bundan başqa beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar sırasında ötən ilin iyul ayında İsrailin Tel-Əviv şəhərində Azərbaycan Respublikasının ticarət və turizm nümayəndəliklərinin açılmasını qeyd etmək olar”.

Müsahibimiz vurğuladı ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan Azərbaycan Turizm Bürosu da turizm potenisalımızın dünyada təbliği istiqamətində davamlı addımlar atır: “Belə ki, Azərbaycan Turizm Bürosu dünya üzrə beynəlxalq səyahət platformaları sayılan “Expedia”, “Wego”, “Avisales”, “Travelask.ru”, “DnataTravel” ,“Skyscanner” kimi səyahət platformaları ilə rəqəmsal əməkdaşlığa başlayıb. Bundan əlavə, Azərbaycanın turizm potensialının xarici auditoriyalara birbaşa çatdırılması üçün“BBC”-də Azərbaycan haqqında çəkilən tanıtım çarxı təqdim olunub. Eləcə də Rusiyanın “NTV” telekanalında məşhur səyahət proqramı “Поедем, поедим!”in Azərbaycana həsr olunmuş buraxılışı efirə gedib.

Rusiyanın “Aeroexpress” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Aeroexpress” qatarları üzərində və vaqonların daxilində, eləcə də kassa bölməsində sərnişinləri ölkəmizi kəşf etməyə çağıran turizm brendi vizualları, eləcə də həştaqlar yerləşdirilib”.

“Mühüm hadisələrdən biri kimi ötən ilin iyul ayında Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı Şəkiyə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatının təqdim olunmasını qeyd etmək olar. Qeyd edim ki, 2019-cu ildə Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib”, – deyə K.Quluzadə əlavə etdi.

Daxili turizm üzrə müxtəlif məhsullar yaradılıb

Daxildə atılan addımlara gəlincə K.Quluzadə bildirdi ki, 2021-ci ildə turizm üzrə görülən ən mühüm işlərdən biri palçıq vulkanları yerləşən ərazilərin turizm potensialının istifadəsi üçün turizm kompleksinin əsasının qoyulması olub: “Belə ki, 2021-ci ilin aprel ayının 22-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub.

Bundan əlavə, kənd təsərrüfatı və turizm yönümlü fəaliyyətlərin birləşməsindən yaranan aqroturizm imkanlarından istifadəni təşviq məqsədilə 2021-ci ilin əvvəllərində DTA ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlığı çərçivəsində “Aqroturizm fəaliyyətlərinin təşkili üzrə bələdçi kitabı” hazırlanıb.

Şimal-qərb və cənub turizm dəhlizləri üzrə regional broşürlər, eyni zamanda ölkəmizdə polyak memarların ərsəyə gətirdiyi abidələrdən, həmçinin ölkəmizdə yaşayıb-yaratmış məşhur polyaklardan bəhs edən broşür hazırlanıb”.

“Milli dadlar” konsepsiyası hazırlanır

Müsahibimizin sözlərinə görə, Azərbaycanda qastronomiya turizminin inkişafı üçün “Milli dadlar” konsepsiyasının hazırlanması işinə başlanılıb: “Unudulmuş və ya unudulmaq təhlükəsi olan milli mətbəximizə məxsus nümunələrin vahid mənbədə toplanması işinə dəstək verilməsi üçün “millidadlar.az” onlayn portalı təqdim olunub.

2021-ci ilin yanvarında dünyaya Qarabağın coğrafi olaraq harada yerləşdiyini göstərmək, həmçinin Qarabağ regionunun tarixini, mədəniyyətini, eləcə də gəzməli-görməli yerlərini düzgün formada çatdırmaq məqsədilə “Whereis Karabakh.com” (“Qarabağ harada yerləşir?”) veb-saytı istifadəyə verilib”.

Daxili turizm potensialının təqdimatı üzrə layihələr

K.Quluzadə xatırlatdı ki, Azərbaycanın daxili turizm potensialını nümayiş etmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədi ilə 2020-ci ildən etibarən “REAL Vətən” layihəsi yayımlanır: “Bu layihənin çəkilişləri çərçivəsində 2021-ci ildə Quba, Oğuz, Naxçıvan, Ağsu, Şamaxı, Astara, Xızı, Göygöl, Gəncə, Lənkəran, Tovuzüzrə buraxılışlar izləyicilərə təqdim olunub.

Bundan başqa, 2021-ci ilin aprel ayında Dövlət Turizm Agentliyinin və İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi məqsədilə Quba rayonunun Qırmızı Qəsəbəsində yeni turizm məlumat nişanları hazırlanaraq istifadəyə verilib. Yolların nişana alınması və işarələnməsi strategiyasına uyğun olaraq qəsəbənin müxtəlif yerlərində 18 ədəd yeni nişanlar quraşdırılıb”.
2021-ci ildə regionlarda turizm startaplarının dəstəklənməsini, eləcə də regional turizmə investisiyaların cəlb edilməsinin təmini məqsədini daşıyan “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) proqramı da ictimaiyyə təqdim olunub.

Həmçinin Qafqaz ölkələrini birləşdirən ilk yenilikçi transmilli marşrut olan “İterVitis Qafqaz” şərab marşrutu təqdim olunub.

Xidmət keyfiyyətinin yüksəldilməsi əsas prioritetlərdən biridir

Təbii ki, istənilən ölkədə turizmin inkişafını şərtləndirən əsas məqamalardan biri də xidmət keyfiyyətidir. Məhz buna görə də DTA həmin istiqamətdə silsilə layihələr həyata keçirir. Bu kontekstdə 2021-ci ildə regionlarda yerləşən ictimai iaşə obyektlərinin xidmət keyfiyyətini artırmaq, restoran işinin təşkili ilə yanaşı, müştəri xidmətlərinin düzgün qurulmasını təmin etmək və iaşə obyektlərini standartlara uyğun menyularla təchiz etmək məqsədilə “Mymenu.az” adlı layihəyə start verilib: “Bu istiqamətdə daha bir addım isə 2021-ci ilin martında atılıb. Həmin ayda ölkədə fəaliyyət göstərən mehmanxanaların ulduz kateqoriyalarının dəqiq müəyyənləşdirilməsinə xidmət edən Milli Hotel Ulduz Təsnifatı əsasında Azərbaycanda hotellərin ulduzlaşması prosesinə başlanıb.

Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Ulduz Təsnifat sistemi əsasında hotellərə ulduz dərəcələrinin verilməsi mərasimində ilk ulduz dərəcələri 17 hotelə təqdim olunub”.

Bildirildiyi kimi, turizm sənayesində xidmət keyfiyyətinin və peşəkarlığın artırılması məqsədilə tədbirlərin davamı olaraq turizm bələdçilərinin sertifikatlaşdırılması prosesinə start verilib: “İlkin olaraq 2021-ci ilin dekabr ayında turizm bələdçiliyi üzrə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Turizm Bürosuna Milli Akkreditasiya Mərkəzi tərəfindən bələdçilərin sertifikatlaşdırılması hüququnu verən akkreditasiya attestatının təqdimolunma mərasimi keçirilib”.

Görülən işlərin ictimaiyyətə çatdırlması da diqqət mərkəzindədir

K.Quluzdə sonda vurğuladı ki, görülən işlərin ictimaiyyətə çatdırlması da diqqət mərkəzindədir. Belə ki, 2021-ci ildə də ictimaiyyət, KİV və yerli turizm sənayesi nümayəndələrini ətraflı məlumatlandırmaq üçün 2021-ci il ərzində press və infoturlar təşkil edilib: “2021-ci il ərzində Palçıq Vulkanları Turizm Kompleksi barədə ictimaiyyəti məlumatlandırmaq üçün “Qılınc” palçıq vulkanlarının yerləşdiyi əraziyə infotur təşkil edilib. Eyni zamanda, ictimaiyyəti və KİV nümayəndələrini ölkə turizminin bərpası və xüsusilə yay mövsümündə turizmin inkişafı istiqamətində görülən işlər, yeni turizm məhsulları və layihələr haqqında məlumatlandırmaq, mövcud turizm dəhlizlərinin imkanlarını geniş auditoriyanın diqqətinə çatdırmaq məqsədilə “Lahıc” Dövlət Tarix – Mədəniyyət Qoruğuna, “İterVitis Qafqaz” şərab marşrutunun təqdimatı məqsədilə Şamaxının Meysəri kəndinə, eləcə də Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi, çoxçeşidli turizm potensialının və turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsi məqsədilə Naxçıvana mediatur təşkil olunub.

Noyabrda isə Dövlət Turizm Agentliyi turizm sənayesi nümayəndələrinin işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunub. Səfər iştirakçıları Ağdam şəhəridə daxil olmaqla rayonun yenidənqurulması və bərpası istiqamətində görülən işlərlə tanış olublar”.

Mission News Theme by Compete Themes.