Press "Enter" to skip to content

Səhiyyənin Transformasiya Ofisi yaradılacaq

Teymur Musayev

Son yeniləmə: 10 Fevral 2022 13:28

Bayraqdar.info – Səhiyyə naziri Teymur Musayev fevralın 10-da Səhiyyə Nazirliyində səhiyyə sisteminin təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərinə həsr olunan mətbuat konfransı keçirib.

Bu barədə bayraqdar.info-ya fevralın 10-da Nazirlikdən xəbər verilib. Brifinqdə çıxış edən səhiyyə naziri Teymur Musayev Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını vurğulayıb: “Təsadüfi deyildir ki, koronavirus pandemiyasının ilk günlərindən dövlət başçısı tərəfindən əhalinin sağlamlığının qorunması hökümətin əsas vəzifəsi elan edilib. Ən müasir səhiyyə ocaqları koronaviruslu xəstələrin ixtiyarına verilib, vətəndaşlarımızın müxtəlif vaksin platformalarına qısa müddətdə əlşatanlığı təmin olunub. Pandemiya bir daha göstərdi ki, səhiyyə sistemlərinin yeni çağırışlara cavab verə bilməsi sistemin davamlı inkişafını şərtləndirir”.

“Nazir Azərbaycan səhiyyə sisteminin dayanıqlı inkişafını təmin etmək üçün planlaşdırılan strateji addımları diqqətə çatdırıb. “Hazırda Səhiyyə Nazirliyi ilə yanaşı digər dövlət qurumları da səhiyyə sisteminin iştirakçılarıdır. Yaxın günlərdə Nazirlikdə müvafiq səhiyyə qurumlarının da səlahiyyətli nümayəndələrinin iştirakı ilə “Səhiyyənin Transformasiya Ofisi”nin yaradılması nəzərdə tutulur. Ofisin yaradılmasında əsas məqsəd dövlət başçısının qarşımıza qoyduğu tapşırıqları layiqincə icra etməklə, səhiyyədə vətəndaş məmnunluğunun təmin edilməsidir”, – deyə T.Musayev bildirib.

“Onun sözlərinə görə, səhiyyənin keyfiyyətcə yeni müstəviyə çıxarılması məqsədilə qısa müddətli və orta müddətli hədəflər müəyyən edilib. Vətəndaşlara səhiyyə xidmətinin əlçatanlığının təmin edilməsi prioritet istiqamətlərdən hesab olunduğundan qısa müddətdə səhiyyədə vahid “Çağrı Mərkəzi”nin yaradılması zəruridir. Bu mərkəz hər bir vətəndaşın səhiyyə ilə bağlı istənilən müraciətini cavablandıracaqdır.

“Rəqəmsallaşmanın effektiv idarəetməni şərtlərindən ən mühüm alətlərdən, eyni zamanda vətəndaşların həyat keyfiyyətinin artmasına birbaşa təsir edən amil olduğunu nəzərə alaraq, nazirlik tərəfindən növbəti 5 il üçün hazırlanan “Rəqəmsal Səhiyyə Strategiyası” sənədi yekunlaşmaq üzrədir. Qısa müddətdə reallaşdırılması nəzərdə tutulan tədbirlərinin digər ana xəttini dövlət qurumları ilə əməkdaşlığının aktiv fazaya keçirilməsi təşkil edir. Bu məqsədlə Dövlət Vergi Xidməti ilə əməkdaşlığa dair Tədbirlər Planı hazırlanır. Eyni zamanda, təhsil, rəqəmsal inkişaf və nəqliyyat, maliyyə nazirlikləri ilə, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Statistika Komitəsi və digər qurumlarla aktual mövzularda yaxından əməkdaşlıq aparılması planlaşdırılır.

“Orta müddətli addımların əsas hədəflərinə aiddir səhiyyədə insan kapitalının gücləndirilməsi (tibb işçilərinin təhlükəsiz sağlam iş mühitinin formalaşdırılması, onların hüquqlarının müdafiəsi, həkim çatışmazlığı olan regionlarda müxtəlif təşviqedici tədbirlərlə tibb işçilərinin cəlb olunması, tibb təhsili sahəsində beynəlxalq reytinqlərdə ön sıralarda qərarlanmış dünyanın aparıcı universitetləri ilə ikili diplom proqramlarının təşkili və s), səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi (mövcud normativ-hüquqi bazanın dövrün tələblərinə uyğunlaşdırılması, eyni zamanda yeni qanunvericilik sənədlərinin hazırlanması), ölkənin yerli dərman vasitələri ilə və tibbi avadanlıqlarla təchizatı (“Əczaçılıq sektorunun inkişafı üzrə Komissiya”nın qarşısına qoyulan dərman vasitələri sahəsində siyasətin və idarəetmə mexanizmlərinin, əczaçılıq məhsullarının yerli istehsalının artırılması və digər tapşırıqların icrası), səhiyyənin maliyyəşdirilməsinin optimallaşdırılması (bu sahədə əsas hədəf dövlət-özəl tərəfdaşlığının genişləndirilməsidir) və s.

“Çıxışının sonunda Teymur Musayev sadaladığı tədbirlərlə yanaşı, müharibə yaralıları, əlilləri və şəhid ailələrinin tibbi ehtiyaclarının qarşılanması, reabilitasiya proqramlarının təşkili hər zaman səhiyyə qurumların diqqətində olduğunu vurğulayıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.