Press "Enter" to skip to content

2022-ci ildə Azərbaycan boksçuları yeddi mötəbər yarışda mübarizə aparacaqlar

Bayraqdar.info – “Boks sahəsində beynəlxalq əlaqələrimizi gücləndirməli və Azərbaycana ən yaxşı təcrübələri gətirməliyik”.

Bunu Azərbaycan Boks Federasiyasının yeni seçilmiş prezidenti Sahil Babayev keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan boksçuları yeddi mötəbər yarışda mübarizə aparacaqlar.

Federasiyadan bayraqdar.info-ya verilən məlumata görə S.Babayev Azərbaycan Boks Federasiyasının qarşıya qısa, orta və uzunmüddətli hədəflər qoyduğunu bildirib. O, cari ildəki yarışlarda boksçularımızın medallar qazanmalarının əsas məqsədlərdən olduğunu deyib: “Orta müddətli hədəfə gəldikdə, Paris Olimpiadasında uğurla çıxış etmək əsas məqsəddir. Gənc boksçular nəslinin yetişdirilməsi federasiyanın uzunmüddətli hədəflərinə daxildir. Bu sahədə ciddi potensialımız var”.

Federasiya sədri daha sonra “növbəti dövrdə boks sahəsində mövcud potensialdan, ənənələrdən istifadə edərək konseptual proqram hazırlamalıyıq. Yeniyetmələr, gənclər, böyüklər, qadınlar arasında boksun populyarlığını daha da artırmaq üçün xüsusi proqramlardan, silsilə tədbirlərdən istifadə etməli, regionlarda, yerlərdə istedadlı idmançıları aşkar etməliyik”, – deyə qeyd edib.

S.Babayev beynəlxalq səviyyəli məşqçilərin kvalifikasiyasının, hakimlərin sayının artırılması, bunun üçün müvafiq təlimlərin, proqramların, stimullaşdırma tədbirlərinin görülməsi, təlim və treninqlərin təşkili və sair tədbirlərin də planlaşdırıldığını bildirib. O, idarə heyətinin yeni üzvləri ilə birlikdə qısa zamanda fəaliyyət proqramının hazırlanacağını vurğulayıb: “Boks Federasiyasının üzvləri mənə böyük etimad göstəriblər. İdarə heyətinin yeni üzvləri ilə birgə qısa dövrdə fəaliyyət proqramımızı hazırlayacaq, bu sahədə işləri davam etdirməyə çalışacağıq. İdmançılarımızın hər birinin, məşqçilərin, hakimlərin, eləcə də bu sahədə çalışan mütəxəssislərin bilik və bacarığından yararlanmalıyıq. Boks sahəsində beynəlxalq əlaqələrimizi gücləndirməli və ən yaxşı təcrübələri Azərbaycana gətirməliyik”.

Mission News Theme by Compete Themes.