Son yeniləmə: 10 Fevral 2022 13:23
Bayraqdar.info – 2022-ci ildə xüsusi qayğıya ehtiyac duyan şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı üzrə 150-dən çox layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən reallaşacaq.
Bu barədə bayraqdar.info-ya fevralın 10-da ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, bu layihələr qurumun fəaliyyət istiqamətlərinə uyğun olmaqla, çətin həyat şəraitində olan, habelə sağlamlıq imkanları məhdud uşaqların və ailələrinin, ümumən xüsusi qayğıya ehtiyac duyan şəxslərin zəruri sosial dəstək, sosial reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunmasını nəzərdə tutur. Layihələr üzrə günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzlərinin də yaradılması, müvafiq kateqoriyalardan olan şəxslərə sosial-psixoloji, nevroloji, pedaqoji və s. xidmətlər, habelə ailələrinə hüquqi məsləhət xidmətləri göstərilməsi nəzərdə tutulub.
Eləcə də sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması, autizm eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara reabilitasiya xidmətlərinin göstərilməsi, övladlığagötürmə, insan alverinə qarşı mübarizə və s. ilə bağlı təbliğat məqsədli layihələr icra olunacaq.