Press "Enter" to skip to content

Əlillik və reabilitasiya sahəsində aparılan islahatlar yüksək qiymətləndirilib

Son yeniləmə: 10 Fevral 2022 00:37

Bayraqdar.info – Azərbaycanda əlillik və reabilitasiya sahəsində aparılan islahatlar yüksək qiymətləndirilib. Bununla bağlı fikirlər BMT, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNİCEF, Avropa Əlillər Forumu, Beynəlxalq Əlillər Alyansı və digər beynəlxalq təşkilatların dəstəyi ilə onlayn formatda keçirilən sammitdə səslənib.

“Avropa regional əlillik” sammitində Azərbaycanda son illər əlillik və reabilitasiya sahəsində mühüm islahatlar aparıldığı nəzərə alınaraq ölkəmizin bu sahədə uğurlu təcrübəsini bölüşməsi də sammitin gündəliyinə salınıb.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sammitdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov çıxış edərək Azərbaycanda əlillik və reabilitasiya sahəsində aparılan islahatları diqqətə çatdırıb.

Sədr əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsinin, onların reabilitasiyasının Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin proritetlərindən olduğunu vurğulayıb. Əlilliyi olan şəxslərin sosial ödənişlərinin artırılması sahəsində ardıcıl olaraq atılan mühüm addımları qeyd edib.

A.Bayramov Agentliyin reabilitasiya mərkəzlərinin dövlət tərəfindən maliyyələşdirilən proqramlar əsasında xidmətlər göstərdiyini deyib. Bildirib ki, Fərdi Reabilitasiya Proqramı üzrə göstərilən bu xidmətlər biopsixososial yanaşmaya əsaslanır.

Son 3 ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz olunmuş şəkildə istifadəyə verilib, yeni mərkəzlər açılıb və ölkədə reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri davam edir.

Qeyd edilib ki, dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına ötən il 23 yeni növ də daxil edilib və reabilitasiya vasitələri növlərinin ümumi sayı artıq 57-yə çatıb.

Ölkəmizdə əlilliyin qiymətləndirilməsinin rəqəmsal infrastrukturunu, əlilliyin müəyyən olunması ilə bağlı bu il qüvvəyə minəcək yeni meyarlar diqqətə çatdırılıb. Əlillik və reabilitasiya sahələrində islahatlarda qabaqcıl beynəlxalq təcrübəyə istinad edildiyi, bu sahədə ÜST ilə fəal əməkdaşlıq həyata keçirildiyi vurğulanıb.

2020-ci ildə tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində 200-ə yaxın hərbçinin aşağı və yuxarı ətraflarını itirdiyi bildirilib, onların yüksək texnologiyalı protezlərlə təminatı işlərindən bəhs olunub.

Həmin müharibə və Ermənistanın əvvəllər işğalda saxladığı ərazilərin mina xəritələrini tam və vaxtında açıqlamaqdan qəti şəkildə imtina etməsinin həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında əlilliyi olanların sayının artmasına səbəb olduğu qeyd edilib. Bunun da öz növbəsində yüksək texnologiyalı protezlərə və digər reabilitasiya vasitələrinə ehtiyacı əhəmiyyətli dərəcədə artırdığı bildirilib.

Sammitdə ÜST, Beynəlxalq Əlillər Alyansı, Beynəlxalq Əmək Təşkilatı, Norveç Əlillər Təşkilatları Federasiyası, BMT-nin Avropa üzrə İnsan Hüquqları Regional ofisinin təmsilçilərinin və b. məruzələri dinlənilib.

Mission News Theme by Compete Themes.