Son yeniləmə: 9 Fevral 2022 10:05
Bayraqdar.info – 2021-ci ildə vergi ödəyicilərinə geniş spektrdə xidmətlər göstərilib.
Bu barədə bayraqdar.info-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, 2021-ci ildə vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 283 min 749 şəxs qəbul edilib. Onlara 505 min 251 sayda xidmət göstərilib.
Bəhs edilən dövrdə 1 min 642 vergi ödəyicisinin iştirakı ilə 105 görüş keçirilib. Həmçinin 5 min 466 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərindən daxil olmuş 18,2 mindən artıq yazılı müraciət cavablandırılıb. Vergi ödəyicilərinə 7,2 milyondan çox sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilmiş 8 xidmət (şifahi xidmətlər istisna olmaqla) ümumi xidmətlərin 87,3 faizini təşkil edib. Bu xidmətlərə aşağıdakılar daxildir:
Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
ASAN İmza sertifikatlarının verilməsi;
Vergi ödəyicisinə arayışların verilməsi;
Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi.
2021-ci il ərzində təqdim edilməli olan bəyannamələrin 97,4 faizi elektron formada təqdim edilib.
2021-ci ildə vergi ödəyicilərinin 165 min 424 müraciəti üzrə 261 min 984 Asan İmza sertifikatı verilib.
Qüvvədə olan Asan İmza ilə mövcud Asan İmza sertifikatlarının yenilənməsi və yeni sertifikatların verilməsi elektron xidmətləri vasitəsilə vergi ödəyicilərinə 14 min 240 Asan imza sertifikatı verilib.
Dövr ərzində biznes sertifikatı əldə etmiş vergi ödəyicilərinin 51,3 faizini əvvəllər biznes tipli Asan imza sertifikatı olmayan, sözügedən sertifikata ilk dəfə yiyələnən vergi ödəyiciləri təşkil edib.
2021-ci ildən vergi ödəyicilərinə xidmət mərkəzlərində müraciətlərin qəbulu zamanı rəqəmsal əl imzasının tətbiqinə başlanılıb və nəticədə qəbul olunan müraciətlərin 94-95 faizinin elektron formada tərtib olunması təmin edilib. Sənəd dövriyyəsinin azaldılması nəticəsində göstərilən xidmətlərin müddətlərinin və inzibati xərclərin azaldılmasına (kağız təminatına, printerlərin yenilənməsinə, kartriclərin və boyanın alınmasına, printerlərin digər sıradan çıxan hissələrinin alınmasına çəkilən xərclər), ətraf mühitin qorunmasına (ağacların kəsimi) və pandemiya dövründə sənədlər vasitəsilə virusun (COVİD-19) yayılmasının qarşısının alınmasına əhəmiyyətli dərəcədə nail olunub.