Son yeniləmə: 9 Fevral 2022 15:03
Bayraqdar.info – Fevralın 9-da Mədəniyyət Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Nazirlik UNESCO-nun Ermənistana və Azərbaycana yaxın müddətdə missiya göndərməsi ilə bağlı əldə edilmiş razılığı alqışlayır:”Məlum olduğu kimi, Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlılara məxsus zəngin tarixi-mədəni-dini irs nümunələri mövcud olmuşdur. Hələ 1869-cu ildə Qafqaz Rusiya qubernatorluğunun dərc etdiyi “1870-ci il üçün Qafqaz təqvimi” adlı sənəddə verilən statistik məlumatlara görə, təkcə İrəvan quberniyasında 269 məscid olmuşdur. Məscidlərdən savayı, bu siyahıya həmçinin, İrəvanda xanın sarayı, İrəvan qalasının divarları, ümumilikdə hazırkı Ermənistan ərazisində mövcud olmuş çoxsaylı hamam, karvansaray, türbə, qəbiristanlıq və s. əlavə etmək olar.
“Ümid edirik ki, UNESCO-nun qarşıdan gələn missiyası Ermənistan ərazisində Azərbaycan xalqına mənsub olan irsin ətraflı şəkildə tədqiq edilməsi, müvafiq qaydada monitorinqi və sənədləşdirilməsi baxımından əhəmiyyətli olacaqdır”.