Press "Enter" to skip to content

“Qış məktəbi”nin tələbələri Lənkəranda

"Qış məktəbi"nin tələbələri Lənkəranda

Son yeniləmə: 9 Fevral 2022 08:58

Bayraqdar.info – Azərbaycan İlahiyyat İnstitutunun Lənkəran rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda “Qış məktəbi”nin ikinci günü tələbələr üçün onlayn qaydada seminar keçirilib, onlar Lənkəran rayonunun mədəniyyət, tarixi və dini abidələri ilə tanış olublar.

Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki,  günün birinci yarısında tələbələr üçün “ZOOM” platforması üzərindən İzmir Katip Çelebi Universitetinin rektoru, professor Saffet Köse ilə onlayn görüş təşkil edilib. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov vebinarda çıxış edərək, tələbələrə professor Saffet Köse haqqında məlumat verib.

“Onlayn tədbirdə “İlahiyyat nədir? İlahiyyat elminin dəyəri” mövzusunda çıxış edən professor Saffet Köse dinin əhəmiyyəti, mahiyyəti haqqında geniş söhbət açıb, dinin doğru və düzgün şəkildə tədrisinin vacibliyinə toxunub.

“Professor Saffet Köse çıxışında qeyd edib ki, din doğru mənbələrdən insanlara çatdırılmasa bu, fəlakətə gətirib çıxara bilər. Professor, həmçinin İslam elmlərinin hər birinin əhəmiyyətinə toxunub, bu elmlərin interdisiplinar metodla öyrənilməsinin vacibliyini vurğulayıb.

“Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov professor Saffet Köseyə dərin məna və məzmun kəsb edən çıxışına görə minnətdarlığını bildirib.

“Layihə iştirakçıları günün ikinci yarısında Lənkəran Şəhər Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Burada tələbələrə muzey haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi 1924-cü ildən rəsmi olaraq fəaliyyətə başlayıb. 1991-ci ildən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi Mir Əhməd xanın sarayına köçürülüb. Bu abidə Lənkəranın ilk çoxmərtəbəli binasıdır. Hazırda muzeydə 6610 ədəd eksponat mühafizə olunur. Muzeydəki eksponatlar Lənkəranın zəngin tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirir.

“Daha sonra tələbələr Xocalı Soyqırımı Abidəsini ziyarət edib, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

““Kiçik Bazar” məscidini ziyarət edən tələbələrə tarixi-dini abidə haqqında geniş məlumat verilib. “Kiçik Bazar” məscidi 1906-cı ildə Lənkəranda inşa edilmişdir. Məscid indiyədək əvvəlki görkəmini saxlayıb, hazırda dövlət tərəfindən mühafizə olunur. Burada eyni vaxtda 250 nəfər namaz qıla bilir. Diqqətə çatdırılıb ki, əvvəllər məscidin minarəsi olsa da, Sovetlər dövründə dağıdılıb. Azərbaycan Respublikası yenidən müstəqillik qazandıqdan sonra minarə bərpa edilib.

“Xatırladaq ki, fevralın 11-dək davam edəcək “Qış məktəbi”nin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşlərinin zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural vəziyyət və tolerant mühitin canlı şahidi olmalarıdır”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.