Son yeniləmə: 10 Fevral 2022 10:07
Bayraqdar.info – Məlum olduğu kimi, fevralın 8-də Prezident İlham Əliyev “Media haqqında” qanunu təsdiqlədi. Eyni zamanda, ölkə başçısının imzaladığı Fərmanla media işçiləri də güzəştli ipoteka kreditindən yararlana biləcəklər.
“Media haqqında” qanunun təsdiq edilməsi ilə bağlı Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bayraqdar.info-ya açıqlama verib.
M.Ələsgərli bildirib: “Media haqqında” yeni qanun bütün media ictimaiyyətinin iştirakı, müzakirəsi ilə hazırlanıb və qəbul edilib. Bu baxımdan Azərbycan media ictimaiyyətinin iradəsini, arzu və istəklərini ifadə edir. Bu layihəni təsdiqlədiyi üçün Prezidentə təşəkkür edirik.
“Qanun yeniliklərlə zəngindir. Xüsusi olaraq onlayn media sferasını tənzimləmə əhatəsinə aldığı üçün çox faydalıdır. 20 ilə yaxındır ki, onlayn media mövcuddur, amma onun hüquqi tənzimlənməsi indiyədək yetərli deyildi. İlk dəfədir ki, onlayn media sferası bu qədər əhatəli, detallı şəkildə tənzimləməyə alınır. Onlayn medianın statusu, strukturu barədə təsəvvürləri konkretləşdirir. Bu, onlayn media sferasında çalışan jurnalistlər üçün də çox faydalıdır, çünki, onların hüquq və vəzifələrinin, statuslarının tam təsnifatını verir.
“Qanunun gətirdiyi mühüm yeniliklərdən biri də media reyestrinin tətbiq edilməsidir. Reyestrin tətbiq edilməsi ölkədə KİV qurumları və jurnalistlərin statistikasının dəqiqləşdirilməsinə yardım edəcək, statusu bilinən jurnalistlər üçün sosial proqramların hazırlanmsını, sosial güzəştlərin tətbiqini asanlşdıracaq.
“Təsadüfi deyil ki, ölkə başçısı media haqqında qanunu imzalamaqla yanaşı, həm də ipoteka kreditlərinin verilməsi şərtlərinə əlavə və dəyişiklik edilməsi barədə Sərəncam imzaldı. Bu onu göstərir ki, media sferasında nizam –intizam yarandıqca, sərhədlər bəlli olduqca, sosial proqramların tətbiqi də asanlaşcaq.
Hər kəsə xeyirli olmasını arzulayıram”.
Jurnalistlərin yararlana biləcəyi güzəştli ipoteka kreditlərindən danışan M.Ələsgərli qeyd edib ki, jurnalistlər üçün sosial güzəştlərin tətbiqi çox vacib amildir: “Çünki, jurnalistika belə bir sahədir ki, burada gəlirlər standartdır. Təəssüf ki, uzun müddət jurnalistikadakı orta aylıq gəlirlə normal ipoteka şərtlərini ödəmək imkansız olub. Bu baxımdan da jurnalistika sferasında çalışan mənzilə ehtiyacı olanların sayı kifayət qədər çoxdur. Dövlətə təşəkkür edirik ki, indiyə qədər mənzillər tikilərək jurnalistlərin bir hissəsini mənzillərlər təmin edib, lakin bu, jurnalistlərin çox az bir hissəsini əhatə edib. İpoteka kreditləşməsinə daxil olmaq jurnalistlərin də çox böyük kəmiyyətlə mənzil təminatı məsələsində mühüm rol oynamış olacaq. İpoteka şərtləri bilirik ki, əlavə faiz ödənişləri 8 faiz civarındadır. Sosial güzəştərə daxil olduqdan sonra əlavə ödənişlər 4 faiz olacaq. Burada həm faizlər aşağıdır, yəni 8 deyil, 4 faizdir. Eyni zamanda, jurnalist əmək haqqısı ilə, jurnalist iş yeri ilə ipoteka sənədləşməsinə düşməkdə çətinliklər var idi. Bu qanunla o çətinliklər aradan qaldırılmış olur. Ümid edirik ki, bu, yeganə sosial güzəşt olmayacaq. Yəqin ki, reyestr xidmətinin tətbiq olunmasından və jurnalistlərin sayı və kəmiyyətin bilinməsindən sonra buna bənzər digər güzəştlərin də tətbiq edilməsi mümkün olacaq. Bu baxımdan, mən jurnalistlərin gqzəştli ipotekaya düşməsini, bu barədə Prezidentin Fərman verməsini MEDİA haqqında qanun qədər əhəmiyyətli hesab edirəm”.