Son yeniləmə: 9 Fevral 2022 10:19
Leyla Abdullayeva: Ermənistan XİN-inə tövsiyəmiz budur ki, ətəyinə yalan, uydurma, iftira dolu daşları yığmaqla özünü daha da dərin və çıxılmaz vəziyyətə salmasın
Bayraqdar.info – “Ermənistan XİN-inin yaddaşını təzələyirik: Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq bu ərazilərdə geniş miqyaslı qeyri-qanuni fəaliyyət, o cümlədən urbisid, kultursid və ekosid törədən bir ölkədir”.
Bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan XİN-in Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatını təhrif edən açıqlamasına dair şərhində öz əksini tapıb.
Qeyd edilib ki, Ermənistan Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndini yer üzündən silib. Bu ərazilərdəki tarixi, mədəni, dini abidələr viran qoyulub, talan edilib: “Ermənistan işğal altında saxladığı ərazilərdə törətdiyi məqsədyönlü dağıntıları gizlətmək üçün onilliklər ərzində bu ərazilərə YUNESKO missiyasının səfərinin qarşısını alıb. Bu fakt, YUNESKO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub.
Eyni zamanda, Ermənistan öz ərazisindəki Azərbaycanın mədəni irsini tamamilə məhv edib”.
L.Abdullayeva vurğulayıb ki, Ermənistan son 30 ildə beynəlxalq hüquq, o cümlədən humanitar hüquq normalarını tapdalayıb; 1949-cu il Cenevrə Konvensiyası, YUNESKO-nun 1954-cü və 1970-ci illər konvensiyalarını kobud şəkildə pozub.
Ermənistanın yuxarıda sadalanan vandalizminin nəticələri beynəlxalq media və müstəqil ekspertlər tərəfindən geniş şəkildə sənədləşdirilib və işıqlandırılıb.
Bütün bu qeyd edilənlər fonunda görünür Ermənistan XİN-i Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatından yalan çıxarışlar edərək öz qeyri-qanuni əməllərini pərdələmək məqsədi güdür: “Lakin qonşu ölkənin rəsmi qurumu unudur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir. Azərbaycan bütün dünyada tolerantlıq və mədəni müxtəliflik mümunəsidir.
Ermənistan XİN-inə tövsiyəmiz budur ki, ətəyinə yalan, uydurma, iftira dolu daşları yığmaqla özünü daha da dərin və çıxılmaz vəziyyətə salmasın, əksinə ətəyindəki daşları ataraq, xoş niyyət və əməllər göstərməyə çalışsın”.