Son yeniləmə: 9 Fevral 2022 20:00
Bayraqdar.info – Bu gün diş problemləri ilə qarşılaşmayan insan tapmaq mümkün deyil. Buna həm qidalanma, həm ekoloji proseslər, həm zərərli vərdişlər (siqaret, alkoqollu içkilər və s.) da təsir edir. Dişlərin müalicəsi üçün olan materiallar həm bahadır, həm də müalicəsi zaman tələb edir. Amma damaq, diş əti və dişlərimizə qulluq etsək, öz təbii dişlərimizi bir müddət qoruya bilərik.
Müsahibimz Səhiyyə Nazirliyinin mütəxəssisi, ATU-nun Ortopedik stomatologiya kafedrasının müdiri, həkim-stomatoloq Nazim Pənahov bayraqdar.info-ya diş əti xəstəlikləri barədə müsahibə verib.
– Həkim, diş əti xəstəliklərinin yaranma səbəbləri nələrdir?
– Diş əti xəstəliklərini ümumi orqanizm xəstəliyi kimi dəyərləndirmək lazımdır. Bu səbəbdən diş əti xəstəliklərinə təkcə yerli, yalnız ağız boşluğunun problemi kimi baxmaq olmaz. Həkim xəstəliyin səbəbini araşdırıb tapdıqdan sonra ümumi orqanizm səviyyəsində müalicə olunsa, daha effektiv və stabil nəticə almaq olur. Diş əti xəstəliyi olan insanların otuz faizinin ailələrində də bu problemlərin olduğu müəyyən edilib. Məlumdur ki, ağız və diş qulluğuna ciddi əhəmiyyət verməyən insanlar diş ətinin xəstəliyinə digərlərindən 6 qat daha çox məruz qalırlar.
Bir çox xəstəliyin etioloji faktoru olan siqaret, diş ətinin də problemlərinə səbəb olur və diş əti xəstəliklərinin inkişafına yol açır. Bədənin infeksiyalara qarşı müdafiəsiz qalmasına səbəb olan stress, diş əti xəstəliklərinin yaranmasında da təsirlidir.
Bədənin immunitetini gücləndirmək üçün qida maddələrinə diqqət yetirmək lazımdır. Buna məhəl qoyulmadıqda orqanizm xəstəliklərə qarşı həssas olur. Zərərli qida vərdişləri və infeksiyaların əmələ gəlməsini sürətləndirən metabolizm pozulmaları və artıq çəki ilə mübarizə aparılmazsa, diş ətinin xəstəliklərinin də inkişafının qarşısı alınmaz. Bununla yanaşı bədəndə bəzi vitaminlərin əskikliyi də diş əti problemlərinə səbəb olur.
– Həkim, dişləri qorumaq üçün nələrə fikir vermək lazımdır?
– Diş əti xəstəlikləri hazırkı dövrün ən aktual problemlərindən sayılır. Diş əti xəstəlikləri dedikdə, diş ətinin, başqa sözlə, dişi dəstəkləyən toxumaların iltihabi xəstəlikləri nəzərdə tutulur. Yetkinlərdə dişlərin itirilmə səbəblərinin 70 faizi məhz diş əti xəstəliklərindən qaynaqlanır. Bu xəstəliklərə erkən mərhələdə diaqnoz qoyulduqda onlar asanlıqla və uğurla müalicə edilə bilər. Diş əti xəstəliyinin qarşısının alınması və ya erkən dövrlərində müalicəsi dişlərin qorunması baxımından vacib olduğu qədər, qidanı yaxşı çeynəmək və daha yaxşı həzm etmək nöqteyi-nəzərindən də çox böyük dəyər daşıyır. Diş əti xəstəliyinin erkən mərhələlərini lazımi diş məcunu, diş fırçası, diş sapından daimi istifadə və düzgün təmizləmə texnikasına riayət etməklə önləmək olar. Mütəmadi aparılan stomatoloji müayinələr ilə diş əti xəstəliklərinin qarşısı alına bilər.
– Dişlərdə iltihabın başlamasını necə müəyyən etmək olar?
– Diş əti xəstəlikləri adətən diş ətinin iltihabı – gingivit ilə başlayır. Xəstəliyin ilkin mərhələsində diş ətlərinə toxunduqda və ya heç bir səbəb olmadan qanayır, rəngləri tünd-qırmızı olur və həcmcə böyüyür. Diş əti xəstəliyinin ilk və ən əhəmiyyətli əlaməti olan qanamaya səbəb dişlər üzərində yığılan və xəstəliyə səbəb olan bakteriyaların müəyyən bir dönəmdə diş ətini iltihablaşdırmasıdır. Bəzən xəstəliyin erkən dövrlərində çox narahatlığa səbəb olmasa da, müalicə edilməzsə, xəstəlik sonrakı mərhələdə parodontitin digər mərhələlərinə keçə bilər və dişləri dəstəkləyən alveol sümüyündə geridönməz dəyişikliklər yarada bilər. Ağızdan qan və irin qoxusunun gəlməsi, eləcə də diş ətialtı və diş ətiüstü diş daşlarının yığılması bu xəstəliyin sonrakı əlamətləri arasındadır.