Son yeniləmə: 9 Fevral 2022 15:18
Bayraqdar.info – Fevralın 9-da Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.Sonra nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Bu barədə bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kohfransda ABF-nin baş katibi Nağı Səfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib. Ardınca ABF-in rəhbərliyinə seçkilər keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının yeni prezidenti seçilib.
Konfransda həmçinin, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.
Sonda Sahil Babayev çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib.