Son yeniləmə: 8 Fevral 2022 14:19
Bayraqdar.info – Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyaları üzrə İşçi Qrupun 1-ci iclası keçirilib.
Bu barədə bayraqdar.info-ya fevralın 8-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasa Nazirlyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev sədrlik edib. İclasda İşçi Qrupun fəaliyyət prinsipləri, 4Sİ texnologiyalarının tətbiqinin genişləndirilməsi imkanları, həmçinin Milli Süni İntellekt Strategiyasının hazırlanması istiqamətində görülən işlər, əşyaların interneti, böyük verilənlər (Big Data), onların təhlili və emalı məsələlərinə dair təqdimat keçirilib, müzakirələr aparılıb.
Məlumat üçün bildirək ki, 4Sİ texnologiyaları üzrə İşçi Qrupu 4Sİ texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb. İşçi Qrupuna 22 dövlət qurumunun nümayəndələri daxildir və fəaliyyətinin əlaqələndirilməsi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə həvalə olunub.