Press "Enter" to skip to content

Himalay Məmişov: Bu artım üçün il ərzində əlavə olaraq 352 milyon manat vəsait sərf olunacaq

Himalay Məmişov

Son yeniləmə: 8 Fevral 2022 14:47

Yeni pensiya artımı ilə bağlı Dövlət Sosial Müdafiə Fondunda mətbuat konfransı keçirilib

Bayraqdar.info –Prezident İlham Əliyevin sosial sahəyə, həssas qrupların rifah halının yaxşılaşdırılmasına xüsusi qayğısı nəticəsində pensiyalar da ardıcıl şəkildə artırılır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 8-də imzaladığı “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla bağlı DSMF-də mətbuat konfransı keçirilib.

Mətbuat konfranslnda çıxış edən H.Məmişov bildirib ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2021-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz olub. Yeni Sərəncamla pensiyaların sığorta hissəsi də bu göstərici üzrə indeksləşdirilərək 2022-ci ilin 1 yanvar tarixindən artırılır.

Yanvar ayına aid artımın fevral ayının pensiyası ilə birgə veriləcəyini deyən H.Məmişov qeyd edib ki, sığorta prinsipi ilə pensiya alanlara Sərəncamla 2022-ci il üzrə 200 manat maddi yardım da veriləcək. Bu maddi yardım rüblər üzrə bölünərək ödəniləcək.

Fond sədri yeni Sərəncamla edilən artımların pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil etdiyini bildirib. O, artımın pensiyaçıların 92 faizinə (1,1 milyon nəfər) şamil olunduğunu, bu artım üçün il ərzində əlavə olaraq 352 milyon manat vəsait sərf olunacağını diqqətə çatdırıb.

H.Məmişov bildirib ki, Sərəncamla istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalları da 6,7 faiz indeksləşdirilməklə artırılır. Sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir.

Dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb.

Sonda DSMF sədri jurnalistlərin suallarını cavablandırıb.

Mission News Theme by Compete Themes.