Press "Enter" to skip to content

Dələduz dəstə saxlanıldı

Ramil Şükürov

Son yeniləmə: 8 Fevral 2022 15:40

Bayraqdar.info – Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya cinayətləri törədən şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Fevralın 8-də Baş Prokurorluqdan bayraqdar.info-ya bildirilib ki, əvvəllər törətdiyi dələduzluq və saxta sənədlər hazırlama kimi cinayət əməllərinə görə məhkum olunmuş Ramil Şükürovun müvafiq qaydada dövlət qeydiyyatından keçirilmədən qanunsuz yaratdığı “Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın fəaliyətinə cəlb etdiyi digər şəxslərlə mütəşəkkil dəstə şəklində etdiyi qanunsuz əməllər barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-axtarış tədbirləri keçirilib.

“Aparılmış əməliyyat tədbirləri ilə qeyri-qanuni formada fəaliyyət göstərən qurumun ofisində axtarış aparılıb. Ramil Şükürov və yaratdığı şuranın digər üzvlərinin qanunsuz əməllərinə dair iş üzrə əhəmiyyət kəsb edən çoxsaylı sübut və məlumatlar aşkar edilib, cinayətkar şəbəkə şəklində təşkilatlanmış qurumun Respublika üzrə bir çox rayon və şəhər üzrə bölmələrinin mövcud olması, xidməti vəsiqələr verilməklə yüzlərlə üzvlərin cəlb edildiyi bu yerli strukturların hər biri üzrə sədr, müavin və digər vəzifələrə təyinatların aparıldığı məlum olub. Habelə, şuranın rəhbər şəxslərinin guya aztəminatlı ailələrin yaşayış və maddi vəziyyəti ilə bağlı problemlərinin həlli, eləcə də şəhid və qazi ailələrinə yardım edilməsi adı ilə ayrı-ayrı vətəndaşlardan toplanılan ianə pullarını mənimsəmələrinə şübhələr müəyyən edilib.

“Bundan başqa, keçirilmiş əməliyyat tədbirləri zamanı Ramil Şükürovun tanışı Aslanlı Elçin Heydar oğlu ilə qabaqcadan əlbir olaraq Bakı şəhərində yerləşən ikimərtəbəli obyektin üçüncü mərtəbəsinin inşa edilməsinə rəsmi dövlət qurumlarından müvafiq icazələrin alınmasında köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş şəxsə özünün guya geniş əlaqələrinin olduğunu bildirib. Həmin şəxsə aidiyyatı dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxsləri vasitəsilə qeyd edilən məsələni müsbət şəkildə həll edə biləcəyi barədə yalan vəd verərək vətəndaşdan tələb etdiyi 100 min manat məbləğində pulun müəyyən hissəsini ələ keçirməsinə əsaslı şübhələr yaranıb.

“Həmçinin, R.Şükürovun rəhbərlik etdiyi qurumun Qazilər və veteranlarla iş üzrə sədr müavini vəzifəsində işləyən İbrahimov Koroğlu Yelmar oğlu ilə qabaqcadan əlbir olaraq Ağdam rayonu, Xındırıstan kənd musiqi məktəbinə direktor təyin edilməsində köməklik göstərilməsi üçün ona müraciət etmiş şəxsə guya həmin sahə üzrə məsul qurumun səlahiyyətli vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olduğunu yalandan bildirib. Özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək vətəndaşdan 17 min manat məbləğində pul vəsaitini alaraq K.İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr yaranıb.

“R.Şükürov ona müraciət etmiş Hacıqabul rayon sakinindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş övladının azad edilməsi üçün guya vəzifəli şəxslərə rüşvət verəcəyi adı ilə aldığı 12 min manat pulu ələ keçirməsinə əsaslı şübhələr yaranıb.

“Eləcə də, sonuncunun tanışı Elçin Aslanlının vətəndaşın faktiki istifadəsində olan Tovuz rayonu ərazisindəki torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün müvafiq dövlət orqanlarının yaxın əlaqədə olduğu vəzifəli şəxslərinə rüşvət verəcəyi adı ilə ondan aldığı 22 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə və bununla da qeyd edilən şəxslərin həmin hərəkətləri ilə vətəndaşları təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr yaranıb.

“İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, hər üç şəxs şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq- təkrar törədildikdə), 178.2.3 (dələduzluq- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilikdə), 178.2.4 (dələduzluq- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrarən rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

“Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən bu və digər yeni halların, R.Şükürovun rəhbərlik etdiyi qurumun üzvləri tərəfindən törədilmiş digər çoxsaylı oxşar qanunsuz əməllərin, habelə cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Baş Prokurorluq qeyd edilən şəxslərin qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən bu barədə “961” Çağrı mərkəzi və “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələrini xahiş edir”. Baş Prokurorluğun məlumatında belə deyilir.

Mission News Theme by Compete Themes.