Son yeniləmə: 8 Fevral 2022 10:14
Ramil Həsən: Antalya Diplomatiya Forumu ölkələrin ikili və üçlü formatda müzakirə apara bilməsi üçün də əlverişli meydan sayılır
Bayraqdar.info – “Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı və Cümhurbaşqanlığının himayəsində keçirilən Antalya Diplomatiya Forumu (ADF) çox mühüm əhəmiyyət kəsb edən, dünyadakı dialoq platfomalarından biridir”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.
Xatırladaq ki, ADF Davos Forumu kimi dünyada və bölgədə mövcud problemlərin müzakirə olunduğu, həlli yollarının təklif edildiyi tədbirlərdən biridir.
Beləliklə, özünün də 2021-ci ildə bu Forumun toplantısında iştirak etdiyini qeyd edən R.Həsən bildirib: “Böyük məmnuniyyətlə qeyd edə bilərəm ki, bu Forum beynəlxalq əlaqələrin gücləndirilməsi, mövcud problemlərin aradan qaldırılması, donmuş münaqişələrin həll olunması istiqamətində atılacaq addımlara bir növ göstərilə biləcək dəstəklərin müzakirə olunması baxımından mühüm bir platformadır. Bu Forum eyni zamanda regional və qlobal məsələlər kontekstində ölkələrin ikili, üçlü formatda müzakirə apara bilməsi üçün də əlverişli meydan sayılır. Çünki Foruma qatılan ayrı-ayrı ölkələrin təmsilçiləri bir növ neytral ərazidə aralarında olan hansısa məsələni çözmək üçün bir masa ətrafında oturmaq şansı əldə edir. Təbii ki, belə bir etibarlı mühitin, münbit siyasi dioaloq meydanının yaradılmasına görə Türkiyəyə təşəkkür düşür. Qardaş Türkiyə bununla bir daha regionda və dünyada sülhün, sabitliyin, inkişafın davamlı olmasında səylərini əsirgəmədiyini nümayiş etdirir”.
Builki Forumun 13-15 mart tarixlərində baş tutacağını deyən millət vəkili daha sonra aşağıdakıları bildirib: “Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun da bildirdiyi kimi artıq 40 ölkənin xarici işlər naziri Forumda iştirakını rəsmi şəkildə təsdiq edib. Eyni zamanda onlarla beynəlxalq təşkilatların təmsilçiləri, dünya miqyasında tanınmış mütəxəssislər, ekspertlər, media nümayəndələri də daxil böyük bir kontingentin iştirakı nəzərdə tutulur”.
R.Həsən deyib ki, bu dəfəki Forumu maraqlı edən daha bir məqam isə Cənubi Qafqazla bağlıdır: “Bildiyiniz kimi Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılır. Bu kontekstdə Türkiyə Ermənistan tərəfini də Foruma dəvət edib. Ermənistan XİN rəhbərinin və danışıqlar üzrə xüsusi nümayəndənin Forumda iştirakı gözlənilir. Bu isə tərəflər arasında keçirilən görüş baxımından növbəti mühüm addım ola bilər. Yəni tərəflər heç bir vasitəçi olmadan bir masa arxasında oturub müzakirə apara biləcəklər. Digər tərəfdən Antalyada Azərbaycan və Ermənistan XİN başçıları da bir araya gələ, bu da regiona əbədi sülhün gəlməsində növbəti addım ola bilər. Bir sözlə bu dəfəki ADF həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf perspektivlərinin münbit müzakirəsi baxımından da dünyanın diqqət mərkəzində olacaq. Bu münasibətlərin normal məcrada inkişafı isə Ermənistanın atacağı addımdan, sərgiləyəcəyi mövqedən aslıdır. Ermənistan Azərbaycan və Türkiyə prezidentlərinin uzatdığı barış əlini düzgün və vaxtında dəyərləndirməldir”.