Press "Enter" to skip to content

Soros və digər qlobalistlərin hədəfi bəllidir

Yeganə Hacıyeva

Son yeniləmə: 7 Fevral 2022 15:52

Yeganə Hacıyeva: Bu güclər gəncləri öz təsir dairəsinə salmaqla üniversal millət formalaşdırırlar

Bayraqdar.info – “Son dövrlərdə sosial media üzərindən milli ideologiyaların sındırılması istiqamətində çox geniş və sistemli siyasət aparılır. Nəticədə də ümumi dəyərlərə malik bir nəsil formalaşdırılır. Burada söhbət yaşadığımız dövrün gənclərindən gedir. Yəni dünya düzənində müxtəlif millətlərdən olsa da ümumi dəyərləri daşıyan bir nəsil formalaşdırılır. Bunu edənlərin, yəni müəyyən qlobal güclərin də hədəfi bəllidir. Bununla son vaxtlar tez-tez səsləndirilən üniversal millət formalaşdırılır. Sosial media üzərindən idarə edilən və gələcəkdə də idarə ediləcək universal millətin formalaşdırılması siyasətinin əsas hədəfləri sırasında Azərbaycan ön sıralarda dayanır. Yəni Azərbaycan da həmin bu siyasəti reallaşdıran qlobal güclərin hədəfə aldığı ölkələrdən biridir”.

Bunu bayraqdar.info-ya açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub

Y.Hacıyevanın sözlərinə görə, hazırda dövlətlər, xalqlar bundan minimum itki ilə çıxmaq üçün çalışır: “Təbii ki, Azərbaycan dövləti də gəncliyini bu prosesin təsirlərindən qorumaq üçün davamlı addımlar atır, mühüm siyasət həyata keçirir. Ümumiyyətlə, ölkədə milli-mənəvi dəyərlərə malik, vətənpərvər, azərbaycançılıq ideologiyasını mənimsəmiş gəncliyin yetişməsi prioritetdir. Fevralın 2-də gənclərlə görüşündə Prezident İlham Əliyev də bu məqama xüsusi olaraq toxundu. Dövlət başçısının da bəyan etdiyi kimi, milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Cənab Prezident əminliklə vurğuladı ki, biz bu dəyərləri qoruyub saxladıqca dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil yaşayacaq”.

Politoloq əlavə edib ki, bütün bunların fonunda heç də arxayınlaşmaq olmaz. Çünki məlum qlobal güclər dünən olduğu kimi, bu gün də gənclərimizi təsir dairəsinə salmaq üçün çeşidli addımlar atırlar: “Dövlət başçısının da bəyan etdiyi kimi, biz bunu tarix boyu görürük. Əgər hətta uzaq tarixə nəzər salsaq görərik ki, məqsəd və məram dəyişmir, forma dəyişir, mübarizə üsulları dəyişir. Hansısa məsələni həll etmək üçün onun pərdələnməsi, yaxud da obrazlı desək, qablaşdırılması dəyişir, amma mahiyyət dəyişmir. Yəni hegemonluq uğrunda mübarizə, xüsusilə böyük önəm daşıyan ölkələr, zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr xüsusi diqqət cəlb edir. Azərbaycan da bütün bu amilləri özündə ehtiva etdiyi üçün biz bunu hər zaman, müstəqillik illərində dəfələrlə görmüşük”.

Gəncləri əyri yola çəkmək, yaxud da yoldan çıxarmaq daha asan olur

Y.Hacıyeva bildirib ki, görüşdə də vurğulandığı kimi, gəncləri əyri yola çəkmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə də Prezident İlham Əliyevin təbirincə desək, bu qlobalistlərin, yəni sorosçuların məqsədi məhz gənclərdir: “Bu məqamda bu tip qlobal fondların, onların regional və lokal təmsilçiliklərinin ölkələr üzrə fəaliyyəti haqqında söz açmaq yerinə düşər. Məsələ ondadır ki, bu kimi təsisatlar mövcud olduqları ölkələrdə daha çox gənclər sektoru ilə təmas qurur. Gənc ictimai-siyasi fəallara müasir dünyanın tələblərinə cavab verən, cəld, çevik komanda idarəetməsinin öyrənilməsi, strateji kommunikasiya alətlərinə və onlardan istifadə vərdişlərinə yiyələnməsi, yüksək səviyyədə əlaqələr qurmaq və ən əsası, daxili və xarici risk və perspektivlər faktorunun nəzərə alınması ilə regionda və dünyada gedən prosesləri dəyərləndirmək imkanlarını inkişaf etdirmək üçün unikal şanslar yaradır. Bu, məsələnin üzdə görünən tərəfidir, görsənməyən tərəfi isə odur ki, belə təsisatlar uzunmüddətli hesablarda ölkə daxilində kənar nüfuz agentləri kimi, cəmiyyətlərə yad dəyərlərin daşıyıcısı kimi fikir liderlərinin yetişdirilməsi ilə məşğuldurlar”.

Onun sözlərinə görə, bunun məntiqi axarı kimi cəmiyyətlərdə yad dəyərlər daşıyıcısı olan alternativlərin yaranması və bu faktor üzərindən çox asanlıqla dövlətlərin milli maraqlarına zidd gedə biləcək liderlərin yetişdirilməsi, belə liderlərin yönləndirə bildiyi cəmiyyətlərin uğur qazanacağı hallar isə hökumətlərin öz məqsədləri üçün idarə olunması perspektivlərini güdür: “Bütün dünyada belə təsissatların öndə gedənlərindən biri Soros Açıq Cəmiyyət Fondudur. Fondun cəmiyyətlərə yönəlik ixrac üçün prioritetləri ölkələr üzrə müxtəlifdir. Azərbaycan haqqında danışsaq, Soros fondunun bizim ölkədə əsas məqsədi ictimai-siyasi proseslərə yeritdiyi yad elementlərin kök atması və uzun müddətli hesabda bu elementlərin Azərbaycanın dövlət quruluşuna hədə yaratması üçün ilkin zəmin yaratmaq idi”.

Soros fondu radikal dini qrupların nümayəndələrinə üstünlük verirdi

Bildirilib ki, Sorosun Açıq Cəmiyyət Fondu Azərbaycanda həm də radikal dini cəryanların fəallşamasına dəstək olurdu: “Fəaliyyəti dövründə fondun maliyyəsi ilə Azərbaycanda dünyəvi üsul-idarənin möhkəm olmaması, ölkədə cəmiyyətin mütləq çoxluğunun dini üsul-idarənin rəğbəti haqqında yazılan yüzlərlə təbliğat materialları və bu təbliğatın yerlərdə aparılması üçün verilmiş yüzlərlə fərdi və institutsional qrantlar mövcud idi. Yekun nəticə olaraq fondun əsas missiyasi kənardan ixrac olunan radikal dini cərəyanların ölkədə inkişaf etməsinə və ən əsası bu radikal dini icmaların siyasiləşməsinə səbəb olurdu. Əlbəttə, digər təhsil və səyahət qrantları da verilirdi. Lakin bu sahələr fondun Azərbaycandakı əsas missiyasının maskalanması üçün həyata keçirilirdi. Son illərdə fondun ölkə üzrə icraçıları radikal dini cərəyanların təbliğatçısı idi, təşkil etdiyi gənclərin siyasi aktivlik mövzusunda tədbirlərdə, qrant üçün müraciət edənlərin arasında radikal dini qrupların nümayəndələrinə üstünlük verilirdi. Fond xaricdə dini təhsil və təlimlərdə iştirak üçün səyahət qrantları verir və ənənəvi dini qrupların nümayəndələrinin qonşu ölkələrə səyahətlərini qeyri-rəsmi maliyyələşdirirdi. Bir sözlə, fond Azərbaycanda demokratiya və bərabərlik əsaslı açıq cəmiyyət fəlsəfəsi adı altında yerli dini təsəvvürlərdən fərqli radikal dini qrupların formalaşdırılması, inkişafı və siyasiləşməsinə təkan verəcək istiqamətdə fəaliyyət göstərirdi. Biz Fondun Azərbaycan cəmiyyətinin dövlətin üsul-idarə baxışlarında dini üsula üstünlük verməsi haqqında cəfəng fikirlərinin illərlə bir sıra beynəlxalq təşkilatların hesabatlarına salınması cəhdlərilə rastlaşdıq və onların rəsmilərinin şifahi ifadələrindən dəfələrlə eşitdik”.

Mission News Theme by Compete Themes.