Son yeniləmə: 7 Fevral 2022 08:48
Elin Süleymanov: Biz ermənilərin Xocalıda törətdiyi misli görünməmiş vəhşilikləri unutmamalıyıq ki, gələcəkdə belə faciələr təkrar olunmasın
Bayraqdar.info – “Azərbaycan müstəqilliyinin ilk günlərindən regionda sülh, inkişaf və inteqrasiya üçün səy göstərməkdədir. Bu da öz növbəsində Ümummili lider Heydər Əliyev strategiyasının əsas istiqaməti olmuşdur”.
Bunu Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov Kembric Universitetindəki (Cambridge University) çıxışında deyib.
Səfirlikdən bayraqdar.info-ya verilən məlumata görə, Kembric Universitetinə səfər edən E.Süleymanov universitetin rəhbər şəxsləri, professorlar və tələbələrlə bir sıra görüşlər keçirib. Görüş zamanı Azərbaycan ilə təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Həmçinin səfirlik nümayəndələri məşhur Kavendiş (Cavendish) fizika laboratoriyası ilə tanış olublar. Səfər zamanı Kembric şəhərində yaşayan Azərbaycan icmasının üzvləri ilə də görüş keçirilib.
Məlumata əsasən, daha sonra Universitetin nəzdində fəaliyyət göstərən Kembric Mərkəzi Asiya Forumu (Cambrigde Central Asia Forum) tərəfindən “Xəzər hövzəsinin regional dinamikaları” (Caspian Regional Dynamics) mövzusunda seminar keçirilib.
Kembric Mərkəzi Asiya Forumunun direktoru Professor Montu Saksenanın moderatorluğu ilə keçirilən seminarda çıxış edən E.Süleymanov Azərbaycanın geosiyasi əhəmiyyətindən ətraflı söz açıb.
Azərbaycan türk dünyasının qovşağıdır
Səfir Azərbaycanın dünyada tolerantlıq nümunəsi kimi tanındığını və daim dialoqu dəstəklədiyini bildirib: “30 illik işğala son qoyulması ilə nəticələnən müharibədən sonra Prezident İlham Əliyev sülhə çağırış edib, Ermənistana əməkdaşlıq və kommunikasiya xətlərinin açılmasını təklif edib”.
Çıxışına davam edən səfir deyib ki, Azərbaycan türk dünyasının qovşağıdır: “Bununla yanaşı qonşu və regional dövlətlər ilə əməkdaşlığını dinamik şəkildə inkişaf etdirir”.
Səfir Azərbaycanın müstəqillik əldə etdikdən sonra enerji siyasətində davamlı addımlar atmağa başladığını, “Əsrin müqaviləsi”, “Bakı-Supsa”, “Bakı-Tbilisi-Ceyhan” neft kəmərləri ilə dünya bazarlarına çıxış əldə edildiyini, Xəzər dənizinin Qara dəniz və Aralıq dənizi ilə qovuşduğunu, eyni zamanda Gürcüstan və Türkiyənin regionda fəal aktorlara çevrildiyini bildirib. “Bütün bunlar təsadüf deyildi, əlbəttə ki, Heydər Əliyevin dərin uzaqgörən strategiyasının bir hissəsi idi”, – deyə səfir əlavə edib.
Bu, hər kəsin xeyrinədir
Ermənistanın işğalçılıq siyasətinin bu dövlətə vurduğu ziyanı da xatırladan E.Süleymanov Azərbaycanın daima qonşu dövlətlər ilə ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirməyə hazır olduğunu deyib: “Belə ki, 3+3 formatının da reallaşmağına doğru növbəti addımlar atılır. Bu yaxınlarda İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin səfərə məhz Füzuli rayonundan başlamasını, eləcə də kommunikasiya və nəqliyyat layihələrinə dair bəyanatı bunun bir nümunəsidir. Həmçinin, Azərbaycanla İranı birləşdirəcək Astaraçay körpüsünü tikilməsi də İranın regionda gedən inteqrasiya prosesində fəal şəkildə iştirak etdiyinin göstəricidir. Əgər burada bütün regionu əhatə edən kommunikasiyaların açılmasından söhbət gedirsə, bu bütün bölgə ölkələrinin xeyrinə olacaq. Hal-hazırda Cənubi Qafqazda kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması müzakirə olunur. Düşünürəm ki, bu, hər kəsin xeyrinədir. Münaqişə artıq başa çatıb.Hal-hazırda sülh müqaviləsinin imzalanmasına və ilkin mərhələdə sərhədlərin delimitasiyasına ehtiyac var”.
Səfir Ermənistan xalqının böyük əksəriyyətinin sülhün regiona töhfəsini başa düşəcəklərini ümid etdiyini bildirib. O, hətta artıq ilk addımların atıldığını, Türkiyə və Ermənistan arasında normallaşma prosesinə də diqqət çəkərək, İstanbul-İrəvan aviareyslərinə start verildiyini vurğulayıb.
Səfir Azərbaycanın hətta müstəqillik elan etməsindən əvvəl qonşu Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal prosesini başlamasını xatırladıb. Diplomat qeyd edib ki, beynəlxalq qanunlar, BMT-nin Ermənistanın torpaqlarımızı dərhal və qeyd-şərtsiz azad etməsinə dair məlum 4 qətnaməsi, İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnamələri və sair Ermənistan əleyhinə olsa da 30 il davam edən bütün danışıqlar nəticəsiz qalıb.
“2020-ci ildə isə proses kökündən dəyişdi. Ermənistan tərəfi heç bir səbəb olmadan iyul ayında hücuma başladı. Onu da qeyd edim ki, hücum hədəfi Tovuz idi. Bu ərazi Qarabağdan uzaqda yerləşirdi və bir sıra boru kəmərləri oradan keçir. Bu hücum nəticəsində bir dinc sakin və hərbçilərimiz həlak oldu. Onların içərisində qəhraman generalımız Polad Həşimov da var idi”, – deyən səfir Vətən müharibəsinin başlanması və gedişatı barədə ümumi məlumat verib.
Azərbaycan yaşıl iqtisadiyyat konsepsiyasını tam dəstəkləyir
Diplomat regionun lider neft-qaz ixracatçısı olan Azərbaycanın, həmçinin yaşıl iqtisadiyyat konsepsiyasını da tam dəstəkləyini deyib. O, həmçinin Birləşmiş Krallığın BP şirkətinin işğaldan azad olunmuş ərazilərdə yaşıl iqtisadiyyatın şaxələndirilməsində ən fəal tərəfdaşlarımızdan biri olduğunu iştirakçıların diqqətinə çatdırıb: “Bu gün Azərbaycanın təşəbbüsü ilə Cənub-Şərqi Avropada yeni reallıqlar yaranıb. Bu təşəbbüslər ideologiya və siyasətə yox, daha çox praktiki və məhsuldar yanaşmalara əsaslanır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında şərtlərə uyğun olaraq ABŞ, Avropa İttifaqının Komissarları və 20-yə yaxın dövlətin iştirakı da bunu sübut edir”.
Radikal irqçi yanaşmaları son 30 ildə məhz Ermənistanın özünə zərər verib
Seminar ərzində bəzi erməni iştirakçıların suallarını cavablandıran E.Süleymanov radikal irqçi yanaşmalarının son 30 ildə məhz Ermənistanın özünə zərər verdiyini bildirib. Səfir xaricdə yaşayan radikalları uydurma yalanlardan geri çəkilməsini, ekstremist yanaşmaların əvəzinə iflasa uğramış Ermənistanda yaşayan erməni vətəndaşlarının gələcəyini düşünməyi tövsiyə edib.
Həmçinin qeyd edib ki, Ermənistan vətəndaşları S.Sarkisyan və R.Köçəryan kimi hərbi cinayətkarlardan imtina etmələri göstərir ki, irqçiliyin davamı yoxdur.
Səfir sonda, fevral ayının 26-da Xocalı soyqırımının 30 illiyinin qeyd olunacağını bildirib: “Bu kimi faciələr bir daha onu göstərir ki, region üçün sülh nə qədər önəmlidir və Azərbaycan tərəfi sülhə aparan addımları daim dəstəkləyir. Amma bütün bunlarla yanaşı, biz ermənilərin Xocalıda törətdiyi misli görünməmiş vəhşilikləri unutmamalıyıq ki, gələcəkdə belə faciələr təkrar olunmasın”.