Bayraqdar.info – Fevralın 7-də Prezident İlham Əliyev Yaşar Məmmədəli oğlu Həsənovun “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam verib.
Eyni Sərəncamla qurumun sədri vəzifəsi müvəqqəti olaraq sədrin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Sərəncamda qeyd edilib ki, sənəd imzalandığı andan qüvvəyə minir. Yəni Y.Həsənov fevralın 7-dən vəzifəsi ilə vidalaşıb.
Əlavə edək ki, adı çəkilən məmur quruma rəhbərlik etdiyi dövrdə yalnız ümumi ictimai narazılıqlar yaratmasıyla gündəmdə olub. Onun başçılıq etdiyi qurum hər il noyabrın 15-dən istilik mövsümünə başlamalı olduğu halda bir qayda olaraq bir neçə gün gecikib. Buna səbəb kimi də sərf edilmiş qaza görə borcların yaranması göstərilib. Əhalini vəziyyətdən çıxarmaq üçün Prezident İ.Əliyevin tapşırığıyla dövlət əlavə vəsait ayırıb, istiliyi təmin etmək tapşığırı verib. Lakin bu da Y.Həsənovun işinə məsuliyyətli yanaşmasına səbəb olmayıb. Məhz onun tapşırığıyla qışın ən soyuq günlərində belə Bakının müxtəlif istiqamətlərində bütöv binaların istiliyi müxtəlif bəhanələrlə kəsilib. Bu isə əlavə ictimai narazılığa səbəb olub.
Qeyd edək ki, belə yarıtmaz idarəetmə ona səbəb olub ki, vətəndaşlar hər ilin istlik mövsümündə məhz dövlətdən narazı qalıblar. İndi ümid etmək olar ki, Y.Həsənovun yerinə gələcək şəxs belə məqamlarda diqqətli olacaq.
Yeri gəlmişkən, qurumda ciddi yeyintilərin olduğu da dillərdə əzbər olan məsələlərdəndir…