Son yeniləmə: 7 Fevral 2022 13:46
Bayraqdar.info – COVID-19 adını təzə-təzə eşidəndə hamının canına vəlvələ düşürdü, hər kəs öz həyatı üçün qorxurdu. Hətta yadımdadır ki, yaxın qohumum – gənc xanım COVID-ə yoluxduğunu bildirəndə hamımız Allaha yalvarırdıq ki, onu 3 uşağına bağışlasın, tezliklə sağlamlığına qovuşsun.
COVID-dən qorxu həm də ölənlərin sayının çox olması ilə artmışdı. Lakin, vaxt keçdikcə insanlar bu xəstəliyin daha yüngül keçməsi, az itki ilə ötüşməsi üçün çarələr axtarıb tapmağa başladılar. Demək olar ki, bütün dünya hazırda COVID bəlasıyla əlləşir. Müxtəlif elmi laboratoriyalarda elmi araşdırmalar aparılır, xəstəliyi adi qrip vəziyyətinə gətirmək üçün elm adamları, həkimlər əllərindən gələni edirlər.
Burada bəzi məqamları açmaq istəyirəm. Birincisi, xəstəlik, virus, bakteriya eyni olsa da, müxtəlif ölkələrdə yaşayan toplumlar bu xəstəliyi müxtəlif formada qəbul etdi. Yəni insanların orqanizmi bu virusu fərqli qarşıladığı kimi, ayrı-ayrı ölkələrdə də o fərqli fəsadlar yaşatdı. Burada ölkələrdəki iqlim, insanların qida rasionu, havanın ekoloji vəziyyəti, insanların təbii yolla qəbul etdikləri vitaminlər, sular və s. özünü göstərir. Elə ilk anlardan immuniteti zəif insanların xəstəliyə daha tez yoluxması və xəstəliyi ağır keçirməsi məlum oldu. Burada ortaya çıxdı ki, o insanlarda immunitet güclü olur ki, onlar təbii qidalarla daha çox qidalanır və meyvə-tərəvəz, göyərtiyə üstünlük verirlər.
2020-ci ildən dünyanı saran bu bəlaya biz 2022-ci ildə yoluxduq. Lakin COVID-ə yoluxanda artıq virus mutasiyaya uğrmışdı və daha yüngül formaya – “Omicron” ştamına keçmişdi. Get-gedə qripə çevrilən virusun bir qorxulu cəhəti qalıb ki, qızdırma, hərarət yüksək olur (39+).
Hərarətin çox olması əslində orqanizmin infeksiya ilə mübarizəsinin göstəricisidir. Lakin hərarət 39-u keçərsə, artıq orqanizm özü-özünü məhv etməyə doğru gedir ki, gərək hərarətin 38-dən yuxarı qalxmasına imkan verməyəsən. Bu virusa yoluxanlardan bəzi insanlarda (tanıdıqlarımdır) hərarəti süni yolla salsalar da, yenidən hərarətin qalxıb 39-u keçməsi vəziyyətin hələ də kritik olaraq qalmasını göstərir.
Fevralın 6-na aid olan statistikaya baxanda rəqəmlər göz deşir. Yoluxma sayı 7 min 700 nəfər. Beləcə, bu xəstəliyi kim ağır keçirir, kim yüngül. Bu da orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır.
Fevralın 7-də Rusiyanın baş infeksionistinin verdiyi maraqlı bir açıqlama ilə qarşılaşdım. O, deyir ki, aparılan statistik hesablamaya görə, Rusiyada yoluxma əsasən ictimai nəqliyyatda kütləviləşib. Bir də ailə üzvlərindən yoluxmalar baş verib.
Biz COVID-ə yoluxarkən Səhiyyə Nazirliyinin aidiyyəti qurumundan olan zənglərdə də harada yoluxduğumuzu, evdə xəstənin olub-olmadığı, neçə nəfərlə kontaktda olduğumuzu, iş yerində sonuncu dəfə nə vaxt olduğumuzu və digər sualları verdilər. Yəqin ki, bizdə də bunun statistikası aparılıb ictimaiyyətə açıqlama veriləcək. Bizim ailədə də ictimai nəqliyyatdan istifadədən sonra yoluxma baş verdi və nəzərə alsaq ki, “Omicron” ştamı bir nəfərdən digərinə anında, dəqiqəsiylə keçir, biz də məhz ictimai nəqliyyatda yoluxduğumuzu düşünürük.
Qeyd edim ki, ailə olaraq hər ikimiz COVID-ə yoluxmuşuq və hazırda karantindəyik.
Odur ki, vətəndaşları ictimai nəqliyyatdan (avtobus marşrutları, metro və s.) istifadədə son dərəcə ehtiyatlı olmağa, maskadan istifadə etməyə və məsafə gözləməyə dəvət edirik.