Son yeniləmə: 7 Fevral 2022 21:52
Bayraqdar.info – Fevralın 7-də xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə görüşüb.
Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, nazir C.Bayramov Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini qeyd edib. O, Türk Şurasının Katibliyinin fəaliyyətini məmnunluqla vurğulayıb.
Bölgədəki cari vəziyyətlə bağlı qarşı tərəfə məlumat verən nazir, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edib. Bu xüsusda, Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin infrastrukturun qurulması prosesində iştirakının önəmli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
Baş katib B.Amreyev Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində aktiv fəaliyyətini və dəstəyini məmnunluqla qeyd edib. Həmçinin o, Türk Dövlətləri Təşkilatının digər beynəlxalq və regional təşkilatlar ilə əməkdaşlıq perspektivlərindən danışıb.
Görüşdə Türk Dövlətləri Təşkilatının gündəliyində olan digər məsələlər, habelə növbəti aylarda keçirilməsi nəzərdə tutulan görüşlər və tədbirlər barədə müzakirələr aparılıb.