Press "Enter" to skip to content

8 erməni hərbçi qarşı tərəfə təhvil verildi – DÖVLƏT KOMİSSİYASI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Son yeniləmə: 7 Fevral 2022 13:06

Bayraqdar.info – “Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır”.

Bu məlumatı fevralın 7-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.

“Qeyd olunmalıdır ki, 2022-ci il fevralın 4-də Fransa Respublikasının Prezidentinin təşəbbüsü ilə Prezident İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Onlayn görüşdə Azərbaycan Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşların kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırıb. Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürüb. Qeyd olunan məsələ Fransa Respublikasının Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənib”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.