Son yeniləmə: 7 Fevral 2022 11:02
Bayraqdar.info – Xəbər verdiyimiz kimi, deputat Cavanşir Feyziyevin media təmsilçiləri haqqında işlətdiyi uyğunsuz ifadələr ciddi təpkilərə yol açıb. Bu baxımdan ictimaiyyət onun da üzvü olduğu Mətbuat Şurasından reaksiya tələb etməkdədir.
Az öncə bəlli olub ki, MŞ sədri Əflatun Amaşov COVID-19-a yaxalandığı üçün bir neçə gündür gündəmi təqib edə bilmirmiş. O, fevralın 7-də səhər erkəndən məsələylə bağlı qısa, lakin gözlənilən münasibəti özünün sosial media hesabında paylaşıb.
Ə.Amaşov: “Koronavirusa yoluxduğum üçün bir neçə gündür ki, işə çıxmıram. Belə bir durumda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim.
“İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi.
“Bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxladım. Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik”.
Onu da əlavə edək ki, Ə.Amaşov bayraqdar.info-ya verdiyi əlavə açıqlamada olaydan ciddi narahatlıq keçirdiyini də bildirib.
[…] Əflatun Amaşov Cavanşir Feyziyevin istefasını müzakirə edib […]