Son yeniləmə: 6 Fevral 2022 13:20
Bayraqdar.info – Xəbər verdiyimiz kimi, fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Fransanın Avropa Birliyinə sədrliyi qismində Prezident E.Makron, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilib.
Azərbaycan, Fransa, Avropa Birliyi və Ermənistan rəhbərləri görüşüb
Bəlli olub ki, görüşdən sonra AB Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti E.Makron birgə bəyanatla çıxış edib.
AB Şurasının yaydığı bəyanatda olduqca diqqətəlayıq məqamlar olduğundan onun üzərində ayrıca dayanmağa zərurət var.
Bəyanatda qeyd edilir ki, fevralın 4-də AB Şurasının Prezidenti Ş.Mişel, Fransa Prezidenti E.Makron, Azərbaycan Prezidenti İ.Əliyev və Ermənistan Baş naziri N.Paşinyan virtual görüş keçirib.
“Prezident Ş.Mişel və Prezident E.Makron bölgədə gərginliyin azaldılması və etimadın qurulması cəhdlərinə dəstəyə tam bağlılıqlarını bir daha təsdiq ediblər.
“Onlar Şərq Tərəfdaşlığı Zirvəsi zamanı keçirilmiş görüşlərdə əldə edilmiş irəliləyişi, özəlliklə də saxlanılan şəxslərin azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı davam edən birgə səyləri, eyni zamanda dəmiryolunun nəzərdə tutulan bərpasını qeyd ediblər.
“Dövlət və hökumət başçıları belə qərara gəliblər ki, bu görüş bir sıra məsələlərin müzakirəsi baxımından dəyərli bir imkan təmin edib.
“AB və Fransa güvənli və sabit Güney Qafqaz naminə ATƏT də daxil olmaqla digər tərəfdaşlarla işləməyə sadiq qalır”.
Diqqət çəkən bəyanat deyilmi? Əlbəttə elədir.
Bəs burada diqqət çəkən əsas məqam nədir?
İlk baxışdan adi bəyanatdır. Amma elə deyil.
Bəyanatda ən mühüm məqam odur ki, bir dəfə də olsun Qarabağın adı çəkilmir. Ümumiyyətlə Qarabağ haqqında söhbət getmir. Yalnız tərəflər arasında etimadın bərpası, dəmiryolunun yenidən işə salınması ayrıca vurğulanır. Bir də itkin düşmüş şəxslərin birgə axtarışı qeyd edilir. Tərəflər deyəndə də təbii ki, söhbət Azərbaycanla Ermənistandan gedir.
Ermənistanın ən yaxın müttəfiqi olan Fransa Prezidentinin belə bir bəyanatla çıxış etməsi diqqət çəkməyə bilməz. Əlbəttə, AB Şurası Prezidentinin də mövqeyi diqqətəlayiqdir. Lakin nəzərə alaq AB Ermənistan-Azərbaycan münaqişəsində daha balanslı mövqeyi ilə seçilib. Fransa isə həmişə, özü də açıq şəkildə Ermənistanı dəstəkləyib. Hətta 44 günlük savaş günlərində də bu ölkə Ermənistana açıq dəstək ifadə etmişdi.
Hələ nəzərə alaq ki, Fransa ATƏT-in ölü doğulmuş və 30 il ərzində heç bir nəticəyə nail ola bilməmiş Minsk Qrupunun 3 həmsədr ölkəsindən biridir. Yəni tərəflər arasında barışdırıcı və neytral mövqedən çıxış etməli olduğu halda bu dövlət həmişə tərəf tutub, Ermənistanın yanında yer alıb. İndi isə, yuxarıda mətnini təqdim etdiyimiz qısa bəyanatda nəinki Ermənistana hər hansı dəstək ifadə edilmir, üstəlik, Qarabağın da adı çəkilmir. Yəni Fransa, nəhayət ki, reallıqlarla barışmalı olduğunu ifadə etmiş olub…
Bəs necə oldu ki, Fransa belə bir mövqedən çıxış etməyə məcbur qaldı? Bizcə bunun səbəbi Azərbaycanın təmkinli və planlı diplomatik davranışlarından irəli gəlir. Prezident İlham Əliyevin şəxsində dövlət istər daxildə, istərsə də xaricdə elə bir siyasi xətt yürüdür ki, bu xəttə qarşı duruş gətirmək hətta Fransa kimi bir dövlət üçün asan başa gələ bilməz. Yəni təkcə Fransa deyil, əslinə qalanda elə bütünlükdə Avropa Birliyi günümüzdə bir sıra məsələlərdə Azərbaycana ciddi ehtiyac duymaqdadır.
Nəzərə almaq lazımdır ki, Türkiyə və Rusiya ilə münasibətlərin gərginliyi fonunda Azərbaycan, nisbətən kiçik dövlət olsa da Avropaya ciddi alternativlər təklif edəcək qədər güclü görünür. Özəlliklə də Rusiya qazından asılı durumda olan Avropa ölkələrinin Quzey supergücünün təhdidləri qarşısında Azərbaycana üz tutmalı olması yalnız və yalnız dərin və uzaqgörən siyasi zəkanın məhsulu ola bilərdi ki, bunu da ötən illər ərzində İ.Əliyev bacara bilib. Özü də ən yüksək səviyyədə. Ona görə də günümüzdə istər AB, istərsə də onun ən əsas dövləti olan Fransa Azərbaycanla hesablaşmadan nəyəsə nail ola biləcəyinin mümkünsüzlüyünü anlayır.
Bu arada onu da əlavə edək ki, AB Azərbaycana 2 milyard avro vəsait ayıracağını bəyan edib. Hər kəs xatırlayır ki, 44 günlük savaşın ardında bu qurum işğalçı Ermənistana qeyd olunan məbləğdə yardım ayıracağını bəyan etmişdi. Eyni zamanda qeyd edilmişdi ki, Azərbaycana da hardasa 150 milyon avro vəsait ayrılacaq. Məhz bu ədalətsizliyi nəzərə alaraq Azərbaycan Prezidenti Avropa rəsmilərinə etiraz etmiş, onlara xatırlatmışdı ki, işğala məruz qalan, altı üstünə çevrilən Ermənistan deyil, Azərbaycan torpaqlarıdır. Məntiqlə də yardım Azərbaycana edilməlidir. Ona görə də ən azından tərəflərə bərabər yardım ayrılarsa ədalətli olar.
İndi görürük ki, Prezident İ.Əliyevin bu haqlı etirazı və çağırışı ünvana çatıb, Avropada qərarvericilər onun mövqeyinin əsaslılığını qəbul edib və artıq bildirilir ki, Azərbaycana da 2 milyard avro vəsait ayrılacaq.
Qeyd etmək istərdik ki, sözügedən virtual görüşün ardından verilən bəyanat və onun fonunda AB-nin Azərbaycana 2 milyard avro ayıracağı haqqında açıqlama bir daha göstərir ki, Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi növbəti dəfə qələbəni təmin edib.