Bayraqdar.info – Güney Azərbaycanın Marağa şəhər zindanında məhbuslar acınacaqlı vəziyyətdə saxlanılır. Məhbuslara habelə işkəncə verilir.
“Azad İran” Telegram kanalının verdiyi xəbərə görə, insan haqları təşkilatlarının yaydığı məlumatda həm də məhbusların dözülməz şəraitdə saxlanıldığı, soyuq mövsümdə lazımi istilik avadanlığının, çarpayıların, sanitariya şəraitinin olmadığı bildirilir.
Məlumatda qeyd edilir ki, Marağa həbsxanasında fərqli cinayətlərə görə həbs edilənlərin ayrı bölümlərdə saxlanılması prinsipinə əməl olunmaması kimi əlavə problemlər də var. Onlar törətdikləri cinayətlər üzrə bölünmədiyi üçün adi məhbuslar ağır cinayətkarlarla bir yerdə saxlanılır. Bu da onların həyatına ciddi təhlükə yaradır.
Qeyd edilir ki, Marağa zindanı 4 kişi və 1 qadın bölməsindən ibarətdir. Burada ümumilikdə 1 min 2 yüzə yaxın məhbus saxlanılır.
Ölüm cəzasına məhkum edilmiş məhbuslar birinci bölmədə saxlanılır. İkinci bölmədə isə qeyri-müəyyən və məhkəmə orqanları tərəfindən yekun hökmü verilməmiş məhbuslar cəza çəkir.