Press "Enter" to skip to content

Xatirə Fərəclidən yeni şeirlər

Xatirə Fərəcli Xudafərin körpüsündə

Son yeniləmə: 3 Fevral 2022 23:16

Xudafərin

Mən səndən keçə bilmirəm,
sən mənim
ürəyimin başından keçirsən,
Xudafərin,
nə baxırsan nisgilli,
həsrət-həsrət?!
Sevə-sevə qoyulub bir zaman təməlin,
hər daşında sığalı var bir əlin.
Gurhagur dövrün olub,
karvanlar keçib üstündən,
insanlar keçib.
Körpü – vüsal demək,
yola can verən-
onu tapdayıb keçənlər,
yolçusu olmayanda
yetim qalar yol, körpü,
sükut yara bağrını,
səssizlikdən dağılar,
çatladıb qoparar daşlarını ağrılar.
Hələ ki həsrətlisən,
gözümüzə dağ,
müsibətimizin heykəli…
Bəlaların tükənmir ki.
Bu gün bir az sevinir o yol çəkən gözlərin,
qoxusunu aldın zəfərin.
Gözlə,
gözlə, o biri böyük günü, Xudafərin.

25 dekabr 2021

Şuşa

Bir dünya həsrətdir, bir ürək vüsal,
Həyatdır – söz ilə ifadəsi yox.
Özüdür, gözüdür Qarabağımın,
Dosta fəxarətdir, yad gözünə ox.

Biz necə yaşadıq bu otuz ildə,
Necə nəfəs aldıq Şuşasız, necə?
Zülmün zərdabını əmdikcə Şuşa
Asıldı zülmətdən hər yorğun gecə.

Əldən qurtarılmış qız kimi indi
Seyrəlir ruhundan çəkdiyi acı,
Sınıxıb çiçəklər, əzgindir hələ
Qan ilə sulanan kolu, ağacı.

İgid oğulları könlünü aldı,
İndi Zəfərindən dünya danışır.
Dik tutub başını, durub yüksəkdə,
Doğma Şuşamıza zəfər yaraşır.

28 dekabr 2021

Mission News Theme by Compete Themes.